×
A
A
A
Sazlamalar

Akademik: Rəqəmsal inkişaf və kibertəhlükəsizlik prioritet istiqamət kimi diqqətdə saxlanılır

Bakı, 22 iyun, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu ölkədə rəqəmsal transformasiya proseslərinin elmi əsaslarla dəstəklənməsini, kibertəhlükəsizlik sahəsində dayanıqlı infrastrukturun formalaşdırılmasını və innovativ yanaşmaların tətbiqini prioritet istiqamətlər kimi müəyyən edib.
Bu barədə AZƏRTAC-a AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev bildirib. Alimin sözlərinə görə, institut Dövlət proqramlarının icrasında fəal iştirak etməklə yanaşı, rəqəmsal ekosistemin inkişafına elmi-analitik töhfələr verir. Süni intellekt texnologiyalarının tətbiq sahələrinin genişləndirilməsi və rəqəmsal suverenliyin möhkəmləndirilməsi müasir dövrün əsas çağırışlarındandır. Bu istiqamətdə görülən sistemli və elmi əsaslı tədbirlər ölkələrin rəqəmsal dayanıqlığının təmin olunmasında həlledici rol oynayır.
Akademik əlavə edib ki, bu istiqamətdə həyata keçirilən tədqiqatlar həm dövlət idarəçiliyində səmərəliliyin artırılmasına, həm də iqtisadiyyatın rəqəmsal əsaslar üzərində inkişafına xidmət edir. Eyni zamanda, beynəlxalq təcrübənin öyrənilməsi və elmi əməkdaşlıqların genişləndirilməsi institutun fəaliyyətində mühüm yer tutur. İnstitutun əsas hədəflərindən biri də əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı kadrların hazırlanması və bu məqsədlə təhsil və elmi fəaliyyətin inteqrasiyasının gücləndirilməsidir.

 

Elm və təhsil 2026-06-22 18:06:00