


BDU-nun doktorantı Tərtərdə mineral gübrələrin ekoloji təsirini araşdırır
Bakı, 22 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin doktorantı Əli Bağırlı elmi-tədqiqat mövzusu çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər regional təcrübə stansiyasında növbəti sahə tədqiqatları aparıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədqiqatlar doktorantın “Suvarma şəraitində buğda bitkisi altında tətbiq edilən mineral gübrələrin ekoloji əsasları” mövzusunda apardığı dissertasiya işinin əsas istiqamətlərini əhatə edir. Araşdırmaların məqsədi suvarma şəraitində becərilən buğda aqroekosistemlərində mineral gübrələrin torpaq-bitki-su sisteminə təsirinin qiymətləndirilməsi, aqroekoloji proseslərin öyrənilməsi və əldə olunan nəticələrin elmi əsaslarla təhlil edilməsidir.
Sahə işləri çərçivəsində təcrübə sahələrində torpaq kəsimləri qoyulub, müxtəlif dərinliklərdən torpaq nümunələri götürülərək analizlər üçün hazırlanıb. Aparılan tədqiqatlar torpağın aqrokimyəvi xüsusiyyətlərinin, münbitlik göstəricilərinin və qida elementlərinin miqdarının müəyyənləşdirilməsinə, həmçinin mineral gübrələrin tətbiqindən sonra torpaqda baş verən dəyişikliklərin öyrənilməsinə imkan verir. Torpaq profillərinin tədqiqi əsasında ərazinin torpaqəmələgəlmə xüsusiyyətləri və ekoloji vəziyyəti qiymətləndirilib.
Tədqiqatların mühüm istiqamətlərindən biri də ərazidə mövcud olan biosenozlar və aqrosenozların müqayisəli şəkildə öyrənilməsi olub. Bu məqsədlə təbii ekosistemlər və kənd təsərrüfatı sahələrinin bioloji müxtəlifliyi, növ tərkibi və ekoloji xüsusiyyətləri araşdırılıb, onların antropogen təsirlərə reaksiyaları qiymətləndirilib.
Sahə işləri zamanı buğda bitkilərindən də nümunələr toplanaraq laborator analizlər üçün hazırlanıb. Bitki nümunələrinin tədqiqi nəticəsində qida elementlərinin mənimsənilməsi səviyyəsi, bitkilərin inkişaf göstəriciləri və mineral gübrələrin məhsuldarlığa təsiri müəyyən ediləcək.
Toplanmış torpaq, bitki və su nümunələri əsasında əldə olunacaq nəticələrin mineral gübrələrin ekoloji baxımdan səmərəli tətbiqi, torpaq münbitliyinin qorunması, kənd təsərrüfatında resurslardan dayanıqlı istifadə və ətraf mühitə təsirlərin minimuma endirilməsi istiqamətində mühüm elmi əhəmiyyət daşıdığı vurğulanıb.
Albaniya Elmlər Akademiyasının nümayəndə heyəti MEK-in qonağı olub
BDU-nun doktorantı Tərtərdə mineral gübrələrin ekoloji təsirini araşdırır
Akademik: Rəqəmsal inkişaf və kibertəhlükəsizlik prioritet istiqamət kimi diqqətdə saxlanılır
Rizvan Qarabağlı: Ermənistan işğal altındakı alban irsini sistemli şəkildə saxtalaşdırıb