


Xalça Muzeyində finlandiyalı rəssamlarının sərgisi açılıb
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan Milli Xalça Muzeyində tekstil sənətini tarixin, biliklərin və milli kimliyin qoruyucusu kimi təqdim edən “Toxunmuş xatirələr” sərgisi açılıb. Sərgidə finlandiyalı rəssamlar Elina Yuopperi və Henna Ahonun əsərləri nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, Finlandiyanın Cənubi Qafqaz üzrə səfirinin ofisinin və Azərbaycan Milli Xalça Muzeyinin təşkil etdiyi layihənin tərəfdaşları arasında “Frame Contemporary Art Finland”, “HIAP - Helsinki International Artist Programme” və “EMMA - Espoo Museum of Modern Art” da var.
Sərginin kuratoru Könül Rəfiyeva qeyd edib ki, layihə tekstil sənətinin çoxcəhətliliyini və müasir incəsənətdə yenidən dərketmə qabiliyyətini nümayiş etdirir.
“Bu sərgidə nümayiş etdirilir ki, tekstil sadəcə parça və ya dekorativ element deyil. Burada bütöv xalqların yaddaşı, tarixi, bilikləri və milli kimliyi qorunub saxlanılır. Rəssamların əsərlərində göstərilir ki, tekstil həm mədəni irsi qoruyub saxlaya bilir, həm də müasir texnologiyalar, yeni media və hətta tullantı hesab etdiyimiz əşyaları yenidən dərketmə vasitəsilə yenidən şərh edilə bilir”, - deyə o vurğulayıb.
Yarı-şəffaf ipək, ənənəvi raanu tekstilləri və uzunmüddətli bədii tədqiqatlarla işləyən E.Juopperi yoxa çıxmaqda olan dillər, mənzərələr və ekoloji qarşılıqlı asılılıq mövzularına müraciət edir. Rəssamın özünün sözlərinə görə, tekstil onu cəlb edir, çünki o, eyni zamanda, yumşaq, dərin ənənəvidir, həm də müasir dildə danışa bilir.
“Mən sadəcə gözəl şeylər yaratmaq istəmirəm. Əsər dərhal özünü göstərmədikdə, izləyici mənanın yalnız bir hissəsini görüb onun özündə suallar yarandıqda və qarşısında nəyin olduğunu anlamağa çalışdıqda daha maraqlı olur. Mənim üçün incəsənət hazır cavablar deyil, düşüncə və axtarış deməkdir”, - deyə finlandiyalı rəssam bildirib.
O, həmçinin qeyd edib ki, Bakıda sərginin keçirilməsi ideyası Finlandiyada rəssamların əsərlərini görüb onları bir məkanda bir araya gətirmək qərarına gələn kurator K.Rafiyevaya məxsusdur.
H.Aho öz növbəsində ən adi şeylərdən - ev təmizliyi, ərzaq alış-verişi, ev heyvanlarına qulluq, ailə xatirələri və gündəlik anlardan ilham aldığını bildirib.
“Diş fırçaları və ya ayaqqabılar kimi gündəlik əşyalar vasitəsilə qayğı, sevgi və hörmət haqqında hekayələr danışıram. Mənə elə gəlir ki, həyatın əsl dəyəri məhz bu sadə, gündəlik işlərdə gizlənir və əsərlərimlə gündəlik həyatımızın nə qədər gözəl və dəyərli ola biləcəyini göstərmək istəyirəm”, - deyə rəssam vurğulayıb.
Sərgidə Finlandiyanın Cənubi Qafqazdakı səfiri Kirsti Narinenin ailə kolleksiyasından seçilmiş məişət tekstili nümunələri də xüsusi yer tutur. Nümayiş olunan eksponatlar sərginin konsepsiyasını tamamlayır, tekstili gündəlik həyatın, ailə yaddaşının və mədəni irsin ayrılmaz hissəsi kimi təqdim edir.
Bakıda “Elbəy Rzaquliyev. Ürəyi ilə yaradan rəssam” adlı sərgi açılıb
Xalça Muzeyində finlandiyalı rəssamlarının sərgisi açılıb
Finlandiya səfiri: Tekstil sənəti hətta bir-birindən uzaq xalqları belə bir araya gətirə bilir
İlk qadın bəstəkarların irsinə həsr olunmuş konfrans təşkil edilib
Qazaxıstanlı sənətçi: Azərbaycan sirki milli koloritini nümayiş etdirməlidir