


Qazaxıstanlı sənətçi: Azərbaycan sirki milli koloritini nümayiş etdirməlidir
Bakı, 17 iyun, AZƏRTAC
Bakı Bulvarında açıq havada keçirilən “Cırtdan və sehrli mirvari” (rejissor Leonid Klyots) yay şousu çərçivəsində akrobat-gimnast Adlet Tikanovun rəhbərlik etdiyi “Hassak” sirk qrupu (Qazaxıstan) çıxış edir.
AZƏRTAC-a verdiyi müsahibədə o, Bakıda iş prosesinin gedişi haqqında bəhs edib və türk sirk şoularının uğurunun sirrinin nədən ibarət olması ilə bağlı fikrini bölüşüb.
“Bu, Azərbaycana üçüncü səfərimizdir. Bundan əvvəl biz başqa şəhərlərdə - Gəncə və Qəbələdə olmuşuq. Karyeram Azərbaycanda başladı, estrada və sirk kollecini bitirib buraya gəldim. Xalqınız, eləcə də buradakı hava şəraiti çox xoşuma gəlir. Azərbaycan tamaşaçıları çox istiqanlıdırlar. Burada özümü evdəki kimi hiss edirəm. Qazaxıstan və Azərbaycan çox oxşardır, bu ölkələrin xalqları qardaşdır, mədəni cəhətdən çox ortaq cəhətlərimiz var”, - deyə həmsöhbətimiz bölüşüb.
Şou zamanı Qazaxıstan sənətçiləri milli geyimlərdə çıxış edirlər. Möhtəşəm və valehedici şouda ordusunun nəyə qadir olduğunu nümayiş etdirən Tomris fəthçi və məğlubedilməz kraliça obrazına əsaslanır.
“Biz dünyada çıxış edirik və Qazaxıstanı musiqimiz, milli rəqs elementlərimiz, ənənəvi silahlarımız vasitəsilə təmsil edirik, ornamentlərimizin olduğu kostyumlarda çıxış edirik”, - deyə A.Tikanov qeyd edib.
Onun fikrincə, türk ölkələrinin sirk sənətini beynəlxalq səviyyədə tanıtmaq üçün onların milli mədəniyyətini çıxışlarında nümayiş etdirmək vacibdir.
“25-dən çox sirk sənəti festivalında iştirak etmişəm. Müxtəlif ölkələrdən Qran-Pri, qızıl, gümüş, bürünc və xüsusi mükafatlar almışam, televiziya layihələrində iştirak etmişəm. Xüsusilə hər kəsin öz ölkəsini təmsil etdiyi beynəlxalq festivallarda bir çox fərqli sirk truppası görmüşəm. Ən əsası mədəniyyətinizi göstərməkdir. Çinlilər milli üslubda - musiqiləri, geyimləri, ənənəvi döyüş sənətlərinin elementləri ilə tamaşa qururlar. Ruslar, müvafiq olaraq, öz mədəniyyətlərini təmsil edir, almanlar isə texnologiyaya daha çox diqqət yetirir və kostyumda müasir üslubdan istifadə edirlər. Türk sirk proqramlarının inkişaf etməsi üçün düşünürəm ki, milli elementlərimizi nümayiş etdirməliyik. Biz hamımız - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə qardaşıq. Lakin hər bir ölkənin kimliyi olmalıdır. Azərbaycan öz milli elementlərini göstərməlidir. Mən üçüncü dəfədir ki, buradayam və Azərbaycanın zəngin mədəniyyətinə artıq bələdəm. Azərbaycan sirkinə arzum budur ki, o, öz milli koloritini nümayiş etdirsin. Biz qazaxlar isə öz koloritimizi nümayiş etdirək. O zaman türk ölkələrimizdə sirk sənəti inkişaf edəcək”, - deyə qazaxıstanlı sənətçi vurğulayıb.
Müəllif – Anara Axundova
İlk qadın bəstəkarların irsinə həsr olunmuş konfrans təşkil edilib
Qazaxıstanlı sənətçi: Azərbaycan sirki milli koloritini nümayiş etdirməlidir
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olunub
Milli ruhun tərcümanı: 95 yaşlı Xalq Çalğı Alətləri Orkestrindən musiqi ziyafəti
Azərbaycan ilə UNESCO Baş Konfransı arasında əməkdaşlıq məsələləri müzakirə edilib