


İlk qadın bəstəkarların irsinə həsr olunmuş konfrans təşkil edilib
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan Bəstəkarlar İttifaqında dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi silsiləsindən “Üzeyir Hacıbəylinin tələbələri – ilk qadın bəstəkarlar: Ağabacı Rzayeva, Ədilə Hüseynzadə, Şəfiqə Axundova” mövzusunda konfrans olub.
İttifaqdan AZƏRTAC-a bildirilib ki, tədbirdə tanınmış musiqi xadimləri, bəstəkarlar, sənətşünaslar iştirak ediblər.
Konfransın açılışında çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh Artisti, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə dahi ustad Üzeyir Hacıbəylinin yaratdığı fundamental bəstəkarlıq məktəbinin tarixi əhəmiyyətindən bəhs edib.
O vurğulayıb ki, Şərqdə ilk dəfə məhz Üzeyir bəyin sinfində qadın bəstəkarların yetişməsi bütövlükdə Azərbaycan mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir. Firəngiz Əlizadə diqqətə çatdırıb ki, Ağabacı Rzayeva, Ədilə Hüseynzadə və Şəfiqə Axundova kimi sənətkarların milli musiqimizdə açdıqları cığır, onların qoyduqları zəngin irs bu gün də gənc nəsil üçün böyük yaradıcılıq məktəbidir.
Tədbirin bədii-elmi hissəsi çərçivəsində mövzu ətrafında geniş elmi məruzələr dinlənilib.
Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva “Azərbaycan musiqi tarixində bəstəkar Ağabacı Rzayevanın rolu” mövzusunda çıxış edərək, bəstəkarın yaradıcılıq üslubunun özünəməxsus keyfiyyətlərini təhlil edib.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşova “Bəstəkar Ədilə Hüseynzadənin xatirələrinin işığında” adlı məruzəsində sənətkarın zəngin yaradıcılıq yolundan və pedaqoji fəaliyyətindən danışıb.
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Azərbaycan bəstəkarlıq məktəbində Şəfiqə Axundova imzası” mövzusunda çıxış edib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva “Azərbaycan qadın bəstəkarlarının milli musiqi mədəniyyətinin inkişafında rolu” mövzusunda dərinməzmunlu məruzə ilə ilk qadın bəstəkarlarımızın musiqi sənətimizə bəxş etdiyi yenilikləri elmi aspektlərdən diqqətə çatdırıb.
Elmi konfransın bədii hissəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə bəstələdiyi məşhur “Sənsiz” qəzəl-romansı və Ədilə Hüseynzadənin A.S.Puşkinin şeiri əsasında (Azərbaycan dilinə tərcümə edəni Məmməd Rahim) qələmə aldığı “Bülbül” romansları ifa olunub.
Musiqi əsərlərini Əməkdar artist Nərgiz Kərimova (soprano) səsləndirib, onu fortepianoda beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyeva müşayiət edib.
İlk qadın bəstəkarların irsinə həsr olunmuş konfrans təşkil edilib
Qazaxıstanlı sənətçi: Azərbaycan sirki milli koloritini nümayiş etdirməlidir
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olunub
Milli ruhun tərcümanı: 95 yaşlı Xalq Çalğı Alətləri Orkestrindən musiqi ziyafəti
Azərbaycan ilə UNESCO Baş Konfransı arasında əməkdaşlıq məsələləri müzakirə edilib