


Finlandiya səfiri: Tekstil sənəti hətta bir-birindən uzaq xalqları belə bir araya gətirə bilir
Bakı, 17 iyun, AZƏRTAC
Tekstil sənəti hətta bir-birindən uzaqda yaşayan, ilk baxışda isə ortaq cəhətləri az olan xalqları və ölkələri bir araya gətirə bilir. Məhz tekstil ənənələri bu gün Finlandiya ilə Azərbaycan arasında özünəməxsus mədəni körpü rolunu oynayır.
Finlandiyanın Cənubi Qafqaz üzrə səfiri Kirsti Narinen bu fikirləri Azərbaycan Milli Xalça Muzeyində açılan “Xatirələrin sapları” sərgisi çərçivəsində AZƏRTAC-a verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, ekspozisiya Azərbaycanda bu formatda təşkil olunan ilk müasir Finlandiya tekstil sənəti sərgisi olub. Burada finlandiyalı rəssamlar Elina Yuoperi və Henna Ahonun əsərləri nümayiş etdirilir. Həmin əsərləri yaddaşın qorunması, nəsillər arasında varislik və Finlandiya ilə Azərbaycanın tekstil ənənələri arasındakı bağlılıq kimi ümumi konsepsiya birləşdirir.
Səfir qeyd edib ki, ekspozisiyaya ənənəvi Finlandiya tekstil məmulatlarının nümayiş olunduğu ev guşəsi də daxil edilib. Bu məmulatların bir çoxu onun özü, dostları və qohumları tərəfindən hazırlanıb. Bu isə sənətkarlıq ənənələrinin qorunub saxlanılmasının və nəsildən-nəslə ötürülməsinin hər bir ölkə üçün nə qədər vacib olduğunu göstərməyə imkan verir.
Diplomat, həmçinin vurğulayıb ki, sərginin keçirilməsi üçün məkan kimi Azərbaycan Milli Xalça Muzeyinin seçilməsi təsadüfi olmayıb. Çünki muzey zəngin tekstil irsinin simvoludur və belə mədəni layihələr üçün dəyərli və layiqli mühit yaradır.
Bakıda “Elbəy Rzaquliyev. Ürəyi ilə yaradan rəssam” adlı sərgi açılıb
Xalça Muzeyində finlandiyalı rəssamlarının sərgisi açılıb
Finlandiya səfiri: Tekstil sənəti hətta bir-birindən uzaq xalqları belə bir araya gətirə bilir
İlk qadın bəstəkarların irsinə həsr olunmuş konfrans təşkil edilib
Qazaxıstanlı sənətçi: Azərbaycan sirki milli koloritini nümayiş etdirməlidir