


® Mərkəzi Gömrük Hospitalında Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edilib
17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Mərkəzi Gömrük Hospitalında tədbir keçirilib.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov tədbirdə çıxış edərək peşə bayramı münasibətilə Mərkəzi Gömrük Hospitalının əməkdaşlarını təbrik edib.
Şahin Bağırov Ümummilli Lider Heydər Əliyevin səhiyyəyə göstərdiyi diqqətin bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
Bildirib ki, Prezident İlham Əliyev tərəfindən səhiyyə sistemində həyata keçirilən məqsədyönlü islahatlar sayəsində bu sahə müasir standartlara uyğun olaraq daim təkmilləşdirilir, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyəti daha da yüksəlir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkə vətəndaşlarının sağlamlığının qorunması, tibbi xidmətlərin əlçatanlığının artırılması, əhalinin həssas təbəqələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması məqsədilə bir sıra əhəmiyyətli layihələr həyata keçirilir.
Həmçinin qeyd olunub ki, Mərkəzi Gömrük Hospitalı tərəfindən gömrük əməkdaşlarının, həmçinin onların ailə üzvlərinin sağlamlığının qorunması, keyfiyyətli tibbi xidmətlərlə təmin olunması istiqamətində mühüm işlər görülüb.
Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, idarənin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov və digərləri səhiyyə sahəsində dövlətin göstərdiyi qayğıdan, həyata keçirilən islahatlardan, eləcə də milli səhiyyə sistemimizin inkişafına Mərkəzi Gömrük Hospitalının verdiyi töhfələrdən, ölkə əhalisinin yüksəksəviyyəli tibbi xidmətlə təmin olunması istiqamətində göstərdiyi fəaliyyətdən bəhs ediblər.
Tədbirdə Mərkəzi Gömrük Hospitalının kollektivinə ünvanlanan videotəbriklər nümayiş olunub, daha sonra xidmətdə fərqlənən bir qrup əməkdaşa təltiflər təqdim edilib.