


İdarə Heyətinin sədri: İnklüziv sosial müdafiə sahəsində təcrübəmizi beynəlxalq tərəfdaşlarla bölüşməyə hazırıq
Bakı, 17 iyun, AZƏRTAC
Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) təşkilatçılığı ilə "BSTA vebinar: Əlilliyi olan şəxslər üçün inklüziv sosial təminat və əmək bazarlarına doğru" adlı beynəlxalq vebinar keçirilib. Vebinarın əsas mövzusu inklüziv məşğulluğun təmin edilməsi olub.
Bu barədə AZƏRTAC-a DOST Agentliyindən məlumat verilib.
Bildirilib ki, vebinarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi və məşğulluğu sahəsində həyata keçirilən islahatlar, inklüziv cəmiyyət quruculuğu, DOST konsepsiyası barədə “Əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasında Azərbaycanın təcrübəsi” adlı təqdimatla çıxış edib.
Azərbaycanda əlillik sahəsində aparılan qanunvericilik islahatları, qəbul olunan strateji sənədlər qeyd edilib, inklüziv cəmiyyətin və əmək bazarının inkişaf etdirilməsinin əsas prioritet olduğu vurğulanıb.
Ölkəmizdə inklüziv məşğulluğun genişləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən, o cümlədən rəqəmsal məşğulluq alətləri, elektron kvota sistemi, sahibkarlığın təşviqi və həssas qrupların əmək bazarına inteqrasiyasına yönəlmiş layihələrdən bəhs edilib.
Təqdimatda DOST konsepsiyasının vətəndaşyönümlü sosial xidmət modelinə çevrildiyi, bu konsepsiya əsasında əmək, məşğulluq, sosial müdafiə, reabilitasiya və digər xidmətlərin vahid platformadan təqdim olunduğu vurğulanıb. Həmçinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və Tələbə Akselerasiya Proqramı haqqında məlumat verilib.
Bildirilib ki, bu təşəbbüslər əlilliyi olan şəxslərin bacarıqlarının inkişafına, sosial inteqrasiyasına və məşğulluğunun artırılmasına töhfə verir.
İnklüziv sosial müdafiə sahəsində təcrübəmizi beynəlxalq tərəfdaşlarla bölüşməyə hazır olduğumuz bildirilib. Təqdimat vebinar iştirakçıları və BSTA rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.