


Ekspert: Sosial platformaların tənzimlənməsi uşaqların rəqəmsal mühitdə müdafiəsini gücləndirməyə kömək edəcək
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycanda sosial platformaların tənzimlənməsinə yeni yanaşma yaşın təsdiqlənməsi mexanizmlərinin gücləndirilməsini, uşaqların zərərli məzmundan qorunmasını və rəqəmsal platformaların məsuliyyətinin artırılmasını nəzərdə tutur. Bu, cəmiyyətin sürətlə rəqəmsallaşdığı bir dövrdə vaxtında atılmış addımdır. Azərbaycan rəqəmsal iqtisadiyyatı fəal inkişaf etdirir, innovativ həllər, süni intellekt texnologiyaları və elektron xidmətlər tətbiq edir. Bununla belə, sosial şəbəkələr yalnız ünsiyyət vasitəsi olmaqdan artıq çoxdan çıxıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında süni intellekt əsaslı media texnologiyaları və biznesin rəqəmsal transformasiyası sahəsində ekspert Teymur Kutseba deyib.
“Bu gün sosial platformalar həm informasiya, reklam və ictimai təsir mənbəyi, həm də davranış modellərinin formalaşmasına təsir göstərən vasitədir. Uşaqlar və yeniyetmələr üçün isə onlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Buna görə də internetin özünütənzimləmə prinsipindən platformaların daha konkret məsuliyyət daşıdığı modelə keçid, xüsusilə yetkinlik yaşına çatmayanların müdafiəsi baxımından, tam qanunauyğun görünür”, – deyə o bildirib.

Onun fikrincə, təklif olunan tədbirlərin əsas məqsədi uşaqlar və yeniyetmələr üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaqdır.
“Yetkinlik yaşına çatmayanlar zorakılıq, təqib, dələduzluq, təhlükəli çağırışlar, ekstremist materiallar və dezinformasiyanı əhatə edən məzmun da daxil olmaqla, çox böyük həcmdə informasiyaya çıxış əldə edirlər. Bundan əlavə, istifadəçilərin diqqətini mümkün qədər uzun müddət saxlamağa yönəlmiş alqoritmik mexanizmlər də mövcuddur. Böyüklərdən fərqli olaraq, uşaqlar bu cür riskləri düzgün qiymətləndirmək üçün kifayət qədər həyat təcrübəsinə və tənqidi düşüncə qabiliyyətinə malik deyillər”, – deyə ekspert vurğulayıb.
Ekspert hesab edir ki, yeni yanaşmanın mühüm üstünlüklərindən biri qlobal rəqəmsal platformaların Azərbaycan istifadəçiləri qarşısında məsuliyyətinin artırılması olacaq.
“Tənzimləyici qurumlar və istifadəçilərlə qarşılıqlı əlaqə mexanizmlərinin yaradılması, eləcə də müraciətlərə operativ reaksiya verilməsi ilə bağlı tələblər platformaların yerli səviyyədə daha məsuliyyətli fəaliyyət göstərməsinə imkan yaradacaq”, – deyə T.Kutseba bildirib.
O, yetkinlik yaşına çatmayanların şəxsi məlumatlarının qorunmasını da mühüm məsələlərdən biri kimi qiymətləndirib.
“Yaşın təsdiqlənməsi əlavə məlumat toplamaq vasitəsinə çevrilməməlidir. Yaşın müəyyənləşdirilməsi üçün əldə olunan məlumatlardan reklam məqsədilə istifadə edilməməli, istifadəçi profillərinin formalaşdırılmasına xidmət etməməli və onlar üçüncü tərəflərə ötürülməməlidir”, – deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, uşaqlara münasibətdə manipulyativ rəqəmsal mexanizmlərin istifadəsinin məhdudlaşdırılmasına yönəlmiş müddəalar xüsusi əhəmiyyət daşıyır.
“Lentin sonsuz sürüşdürülməsi və ya videoların avtomatik işə salınması kimi funksiyalar rəqəmsal xidmətlərdən asılılığın formalaşmasına səbəb olur. Belə təcrübələrin yetkinlik yaşına çatmayanlar üçün məhdudlaşdırılması onların psixoemosional rifahının qorunması istiqamətində mühüm addım ola bilər”, – deyə o hesab edir.
Kutseba vurğulayıb ki, sosial platformaların tənzimlənməsi sahəsində hüquqi bazanın formalaşdırılması gələcəkdə süni intellekt texnologiyalarının, tövsiyə alqoritmlərinin, “deepfake” məzmununun və digər rəqəmsal alətlərin tənzimlənməsi üçün əsas rolunu oynayacaq.
Bundan əlavə, onun fikrincə, yeni tədbirlər milli informasiya məkanının möhkəmlənməsinə də töhfə verəcək.
“Bazarın həcmi nisbətən kiçik olsa da, Azərbaycan beynəlxalq platformalardan yerli qanunvericiliyə əməl olunmasını, təhlükəsizlik məsələlərinin, mədəni xüsusiyyətlərin və ölkə istifadəçilərinin maraqlarının nəzərə alınmasını tələb etmək hüququna malikdir”, – deyə ekspert fikrini yekunlaşdırıb.
Müxbir – Pərvanə Qafarova