


Sosial təminat qurumlarında insan resurslarının idarəolunmasının təkmilləşdirilməsi barədə məlumat verilib
Bakı, 17 iyun, AZƏRTAC
Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) təşkilatçılığı ilə “İnsan resurslarının idarəedilməsinin təkmilləşdirilməsi üçün yaxşı idarəçilik” mövzusunda vebinar keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bildirilib ki, vebinarda sosial təminat qurumlarında insan resurslarının idarəolunmasının təkmilləşdirilməsi, rəqəmsal transformasiya şəraitində əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi, istedadlı kadrların cəlb olunması və saxlanılması, eləcə də kadr ehtiyatının planlaşdırılması üçün yaxşı idarəçilik yanaşmaları barədə məlumat verilib.
Vebinarda iştirak edən DSMF-nin Beynəlxalq əlaqələr departamentinin müdiri Elşad Xanəlibəyli BSTA-nın yenilənmiş “Yaxşı idarəçilik” üzrə təlimatlarında insan resurslarının idarəedilməsinə dair əsas dəyişikliklərdən bəhs edib. Sosial təminat qurumlarının rəqəmsal inkişafında texnoloji həllərlə yanaşı, əməkdaşların rəqəmsal bilik və bacarıqlarının artırılmasının da mühüm rol oynadığı, Fondda təlim ehtiyaclarının müəyyənləşdirilməsi, əməkdaşların peşəkar inkişafı və daha çevik, işçiyönümlü insan resursları mühitinin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib.
Vebinarda müstəqil ekspert Pablo Souto, Panamanın Sosial Sığorta Fondunun baş icraçı direktoru Dino Mon, Hindistanın İşçilərin Yığım Fondu Qurumunun I dərəcəli regional yığım fondu komissarı Dhanasekar Raman da iştirak ediblər.