


Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
Vyana, 8 iyun, AZƏRTAC
Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin Türk, Monqol və Tibet araşdırmaları kafedrasının və həmin fakültənin nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin təşkilatçılığı ilə Polşada XI Türkoloji Konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Varşava Universitetinin rektoru Aloyzi Novak, prorektor Maçey Raş, Asiya və Afrika mədəniyyətləri fakültəsinin dekanı Aqata Bareya-Stajınska, Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Türkiyənin Polşadakı səfiri Rauf Alp Denktaş, bu ölkədə akkreditə olunmuş digər türk dövlətlərinin diplomatik nümayəndəliklərinin təmsilçiləri, Varşava Universitetinin, eləcə də Polşada türkologiya kafedralarının mövcud olduğu Yaqellon və Adam Mitskeviç universitetlərinin akademik və tələbə heyəti iştirak edib.
Konfransın açılışında ali təhsil müəssisəsinin rektoru A.Novak, Asiya və Afrika mədəniyyətləri fakültəsinin dekanı A.Bareya-Stajınska, Azərbaycan və Türkiyənin Polşadakı səfirləri çıxış ediblər. Həmçinin Türk Akademiyasının prezidenti Şahin Mustafayev və Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın tədbir iştirakçılarına müraciətləri oxunub.
Natiqlər çıxışlarında türkoloji tədqiqatların elmi və mədəni əhəmiyyətini vurğulayaraq, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər. Onlar türk xalqlarının zəngin tarixi, dili və mədəni irsinin öyrənilməsində belə konfransların mühüm rol oynadığını bildiriblər. Çıxışlarda, həmçinin Polşa ilə Türk dünyası arasında elmi əlaqələrin inkişafından, birgə layihələrin həyata keçirilməsinin perspektivlərindən və gənc tədqiqatçıların türkoloji araşdırmalara cəlb edilməsinin əhəmiyyətindən bəhs olunub.
Tədbirdə çıxış edən Azərbaycanın Polşadakı səfiri N.Qurbanova təxminən 300 milyon əhali və 4,5 milyon kvadratkilometr ərazini əhatə edən Türk dünyasının bu gün beynəlxalq əhəmiyyətinin getdikcə artdığını, dinamik mədəni, dil və iqtisadi məkan kimi çıxış etdiyini qeyd edib. O əlavə edib ki, Azərbaycan zəngin mədəni irsi, tarixi keçmişi və Şərqlə Qərb arasında körpü rolunu oynayan strateji mövqeyi sayəsində həmişə Türk dünyasında xüsusi yer tutub, tarixboyu azərbaycanlılar türk dilləri, ədəbiyyatı, musiqisi və ənənələrinin qorunub saxlanılmasına və təbliğinə mühüm töhfələr veriblər. Ortaq köklərimiz, dəyərlərimiz və mədəni bağlarımız türk xalqlarını birləşdirməyə və xalqlarımız arasında həmrəyliyi gücləndirməyə davam edir.
Bu xüsusda səfir 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini xüsusi vurğulayaraq qurultay barədə tədbir iştirakçılarına məlumat verib. Səfir bildirib ki, müxtəlif türk bölgələrindən olan görkəmli alimləri, dilçiləri və ziyalıları bir araya gətirən qurultay türk dillərinin, ədəbiyyatının, tarixinin və mədəniyyətinin öyrənilməsi və qorunması istiqamətində mühüm mərhələ olub. Qurultayın əsas nailiyyətlərindən biri türkoloq-alimlər arasında elmi əməkdaşlığın təşviqi, əlifba islahatı, dil birliyi və mədəni modernləşmə məsələlərinin müzakirəsi olub. Bu tədbir Bakının Türk dünyasının mühüm intellektual və mədəni mərkəzlərindən birinə çevrildiyini nümayiş etdirib, Azərbaycanın türkoloji araşdırmaların inkişafına verdiyi töhfəni bir daha təsdiqləyib. N.Qurbanova qurultayın irsinin bu gün də türk xalqları arasında elmi dialoq və əməkdaşlığın inkişafına ilham verməkdə olduğunu qeyd edib və cari ilin iyun ayında Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin keçiriləcəyindən bəhs edib.
Türkologiya elminin Polşada zəngin ənənələrə malik olduğunu vurğulayan səfir polşalı alimlərin onilliklər ərzində Türk dünyasının dil, tarix və mədəniyyət irsinin araşdırılmasına mühüm töhfələr verdiyini xatırladıb. Həmçinin Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, 2018-ci ildən fəaliyyət göstərən mərkəzin əsas məqsədi Azərbaycan dilinin, qədim tarixinin və zəngin mədəni irsinin təbliğidir.
N.Qurbanova Türk Mədəniyyəti və İrsi Fondunun Varşava Universitetində Avropa İttifaqı ölkələrində ilk dəfə olaraq təsis edilmiş Türk Xalqları Mədəniyyəti Mərkəzinin Polşa ilə Türk dünyası arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyinə, türk xalqlarının zəngin tarixi və mədəni irsinin Avropa akademik və mədəni məkanında tanıdılması üçün mühüm platformaya çevriləcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, konfrans çərçivəsində Bakı Türkoloji Qurultayının 100 illik yubileyinə həsr olunmuş panel təşkil olunub. Paneldə “Ənənə və modernləşmə arasında: Əhməd Baytursunulinin Bakı Konqresində latınlaşdırma ilə bağlı mövqeyi”, “Özbək kimliyinin müəyyən edilməsi: Yunusovun 1926-cı il Bakı Konqresindəki çıxışı və dialektlərlə tayfa quruluşu arasındakı əlaqə”, “Sadıq bəy – Lvovda azərbaycanlı şərqşünas”, “Türkiyə və Azərbaycan timsalında türklərin əsrlər boyu istifadə etdiyi əlifbalar”, “İdeyalar və onların nəticələri: 1926-cı il Bakı Konqresi və iştirakçılarına qarşı repressiyalar” mövzularında mühazirə-təqdimatlar dinlənilib, həmçinin qurultayın tarixindən bəhs edən “Anın tarixi” sənədli filmi nümayiş olunub.
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
DİM-də hazırlıq kursları təşkil olunub
“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb