


“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb
Bakı, 8 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin dəstəyi, Türkiyə-Azərbaycan Universiteti (TAU) və Azərbaycan Texniki Universitetinin təşkilatçılığı, “Master School” MMC Təhsil Mərkəzinin tərəfdaşlığı ilə keçirilmiş “Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş və ümumtəhsil müəssisələrinin 9-cu, 10-cu və 11-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş olimpiadanın mükafatlandırılma mərasimi TAU-da qaliblər və onların ailə üzvlərinin iştirakı ilə keçirilib.
Bu barədə AZƏRTAC-a TAU-dan məlumat verilib.
Mükafatlandırma mərasimində Türkiyənin ölkəmizdəki səfiri professor Birol Akgün, Elm və Təhsil Nazirliyinin nümayəndəsi Osman Hacıyev, TAU-nun rektoru vəzifəsini icra edən professor Vilayət Vəliyev, “Master School” MMC Təhsil Mərkəzinin rəhbəri İlkin Məhərrəmov, TAU-nun proqram rəhbərləri, şöbə müdirləri, professor-müəllim heyəti və inzibati heyətin əməkdaşları iştirak ediblər.
Tədbiri açan professor Vilayət Vəliyev əvvəlcə “Tekro” olimpiadasının qaliblərini və valideynlərini təbrik edib. O, bu cür olimpiadaların istedadlı gənclərin üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb və qaliblərə uğurlar diləyib.
Səfir Birol Akgün qalibləri təbrik edərək bildirib ki, iki qardaş ölkənin strateji təhsil layihəsi olan TAU-nun qapıları bu cür istedadlı gənclər üçün hər zaman açıqdır.
Osman Hacıyev vurğulayıb ki, TAU, sadəcə, Azərbaycanda təhsilin beynəlmiləlləşdirilməsi və Türkiyənin ən güclü beynəlxalq proqramlarını tələbələr üçün gətirməklə kifayətlənmir, ölkənin istedadlı məktəblilərini üzə çıxarmaq üçün bu cür olimpiadalar təşkil etməklə ölkə təhsilinə öz töhfəsini verir.
Olimpiadanın yekun nəticələrinə əsasən, 22 qalib müəyyən edilib. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinif şagirdi Xəzər Həsənli 47 balla I yeri, BDU nəzdində Gənc İstedadlar Liseyinin 9-cu sinif şagirdi Alikamal Həsən 45 balla II yeri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Nihat Cəfərli 40 balla III yeri qazanıb.
Bundan əlavə, olimpiadanın final mərhələsində uğurlu iştiraklarına görə Ömər Qədirli, Yusif Şəfiyev, Lalə Tağıyeva, Zəhra İbişova, Uğur Qədirli, Nuran Mancanov, Məhəmməd Salmanov, Ömər İsmayıllı, Həbib Dostəlizadə, Hüseyn Əliyev, Məzahir Əhmədov, Həsən Bəşirov, İsmayıl İbrahimli, Toğrul Məmmədli, Nicat Qasımlı, Yusif Nəzərli, Ələddin Abdinli, Kamran Səmidzadə və Nur Məmmədova da qalib elan ediliblər.
Tədbirin sonunda qaliblərə sertifikatlar və müxtəlif hədiyyələr təqdim olunub. Birinci yerin qalibi “Noutbuk”, ikinci yerin qalibi “Apple” planşeti, üçüncü yerin qalibi “Lenovo” planşeti, dördüncü və beşinci yerlərin qalibləri pul mükafatı, digər qaliblər kitablar, güzəştli təhsil vauçerləri və TAU-nun xüsusi hədiyyələrini qazanıblar.
“Tekro” olimpiadasına ümumilikdə 800-dən çox məktəbli qeydiyyatdan keçib, iştirakçılar arasında yüksək maraq və rəqabət mühiti müşahidə olunub. Olimpiadanın final mərhələsinə cəmi 140 iştirakçı vəsiqə qazanıb.
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
DİM-də hazırlıq kursları təşkil olunub
“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb