×
A
A
A
Sazlamalar

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

Bakı, 8 iyun, AZƏRTAC

Elm və Təhsil Nazirliyi Kimya İnstitutunda “Yaşıl kimya prinsipləri” mövzusunda beynəlxalq seminar təşkil olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbirdə Beynəlxalq əməkdaşlıq sektorunun mütəxəssisi Natiq Salahov qeyd edib ki, alternativ enerji mənbələrinə keçid dövründə enerji depolama sistemlərinin, xüsusilə batareya texnologiyalarının sürətli inkişafı, tullantıların yaşıl kimya prinsiplərinə uyğun olaraq innovativ metodlarla təkrar emalı və resursların səmərəli idarə edilməsi qlobal ekoloji təhlükəsizlik baxımından strateji zərurətdir. O, bu qəbildən olan beynəlxalq tədbirlərin gənc tədqiqatçıların elmi potensialının gücləndirilməsi və xarici tərəfdaşlarla birgə akademik layihələrin qurulması istiqamətində mühüm platforma rolunu oynaya biləcəyini vurğulayıb.
Sonra İstanbul Cərrahpaşa Universitetinin Metallurgiya və materiallar mühəndisliyi kafedrasının elmi işçisi Elif Güloğlu "Batareya texnologiyalarının təkrar emalı və innovativ həlledicilərin tətbiqi" mövzusunda geniş elmi məruzə ilə çıxış edib. Məruzəçi öz çıxışında batareyaların sənaye miqyasında təkrar emalı prosesində tətbiq olunan ən son metodlar, innovativ və ekoloji cəhətdən zərərsiz həlledicilərin sintezi, eləcə də bu istiqamətdə aparılan fundamental tədqiqatların nəticələri barədə geniş məlumat verib.
Yekunda mövzu ətrafında elmi müzakirələr aparılıb, qabaqcıl texnologiyaların yerli tədqiqatlara inteqrasiyası perspektivləri qiymətləndirilib və iştirakçıların sualları cavablandırılıb.

Elm və təhsil 2026-06-08 17:35:00