


Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib
Bakı, 8 iyun, AZƏRTAC
Bu ilin yaz aylarında Azərbaycanda müşahidə olunan intensiv atmosfer yağıntıları, qar əriməsi və yamac sularının artması nəticəsində bir sıra bölgələrdə sürüşmə və torpaq çökməsi prosesləri kəskin aktivləşib.
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Geosiyasət və iqtisadi coğrafiya laboratoriyasının müdiri coğrafiya elmləri doktoru, dosent Nəriman Paşayev AZƏRTAC-a açıqlamasında bildirib ki, xüsusilə Böyük Qafqazın cənub yamacı, Kiçik Qafqazın şimal-şərq hissəsi, Talış dağlıq zonası və Abşeron yarımadasında geodinamik proseslərin fəallaşması qeydə alınıb. Bu proseslər yaşayış məntəqələri, avtomobil yolları, kommunikasiya xətləri və kənd təsərrüfatı sahələri üçün ciddi təhlükə yaradıb.
Məlumata görə, Böyük Qafqaz regionunda ən aktiv sürüşmə sahələri Şamaxı–İsmayıllı–Qəbələ xətti boyunca müşahidə olunub. Aprelin ikinci yarısından etibarən intensiv yağışlar Bakı–Şamaxı–Yevlax avtomobil magistralının Qobustan və Şamaxı rayonlarından keçən dağətəyi hissələrində yamac deformasiyalarına səbəb olub. Xüsusilə Acıdərə və Muğanlı istiqamətlərində yol yatağında çökmələr və çatlar yaranıb, bəzi sahələrdə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Yolun yamaca yaxın hissələrində qrunt kütləsinin sürüşməsi nəticəsində istinad divarlarının dayanıqlığı zəifləyib. İlkin hesablamalara görə, bəzi ərazilərdə sürüşən torpaq kütləsinin həcmi minlərlə kubmetr təşkil edir.
İsmayıllı rayonunda da sürüşmə prosesləri xüsusilə Lahıc, Basqal, Mücü və Kürdmaşı kəndləri istiqamətində intensivləşib. Mayın ilk ongünlüyündə güclü yağışlardan sonra Lahıc avtomobil yolunun bir neçə hissəsində qaya parçaları və torpaq laylarının yol üzərinə tökülməsi qeydə alınıb. Nəticədə Lahıc–Mücü istiqamətində bəzi kəndlərə gediş-gəliş çətinləşib, yolların təmizlənməsi ağır texnika vasitəsilə aparılıb.
Kürdmaşı və ətraf kəndlərdə yamaclarda torpaq qatının yerdəyişməsi fərdi yaşayış evlərində çatların yaranmasına, bəzi həyətlərdə isə qrunt çökmələrinə səbəb olub. Bununla yanaşı, əkin sahələrinin bir hissəsinin yararsız hala düşdüyü bildirilir. İsmayıllının Talıstan və Diyallı kəndlərində də sürüşmə aktivliyinin artdığı qeyd olunur.
“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
DİM-də hazırlıq kursları təşkil olunub
“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb
Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib