


Pediatr: Tətilə başlamadan öncə uşağın pediatr tərəfindən müayinəsi təşkil olunmalıdır
Bakı, 8 iyun, AZƏRTAC
Tətilə başlamadan öncə uşağın pediatr tərəfindən müayinəsi təşkil edilməli, ehtiyac olduğu halda müəyyən laborator və instrumental müayinələr aparılmalıdır. Yay ərzində hansı sağlamlaşdırıcı prosedurların həyata keçirilməsini müəyyənləşdirmək məqsədilə uşağın sağlamlıq vəziyyəti dəyərləndirilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Nuranə Hüseynova deyib.
Pediatr qeyd edib ki, tətili planlaşdırarkən yalnız böyüklərin deyil, uşaqların da istəkləri öyrənilməlidir ki, yay üçün "arzu siyahısı" uşaqla birgə tərtib olunsun. Bununla yanaşı, mövsümlə əlaqəli təbii parçalardan hazırlanmış yüngül geyimlər, rahat ayaqqabılar, günəş papaqları, qoruyucu kremlər, ağcaqanad və digər həşəratlar əleyhinə vasitələr, oyuncaqlar (sahildə qumla oynamaq üçün ləvazimatlar, çərpələng və s.) əldə etmək lazımdır.
“İstirahət məkanına qısa və ya uzunmüddətli tətil planlaşdırırsınızsa, mütləq həmin yerin uşaqlar üçün hansı aktivlikləri təklif etdiyini, həmçinin yollanacağınız yerin təmizlik və gigiyena vəziyyətini öncədən öyrənmək vacibdir. Məsələn, hovuz və oyun məkanları hansı intervalla təmizlənir, dezinfeksiya edilir? Əgər qidalanma da istirahət paketinə daxildirsə, mətbəxin vəziyyəti, uşaq rasionuna uyğun qidaların olub-olmaması mütləq aydınlaşdırılmalıdır”, - deyə o vurğulayıb.
Nuranə Hüseynova vurğulayıb ki, hazırda uşaqlar telefon, kompüter və onlayn oyunlara daha çox meyil göstərirlər. “Yay mövsümündə maraqlı fəaliyyətlər, oyunlar təşkil edilməlidir ki, uşaqların diqqəti rəqəmsal cihazlardan yayınıb daha faydalı, sağlamlığı möhkəmləndirən fəallıqlara yönəlsin. Son zamanlar məktəblilər üçün yay düşərgələri təşkil edilir. Orada həm fiziki aktivlik, həm də zehni inkişaf, məsələn, xarici dildə danışıq vərdişlərinin yaxşılaşdırılması üçün müxtəlif proqramlar keçirilir. Uşaqlar bu düşərgələrə, adətən, valideynsiz yollanırlar. Əgər uşağınız düşərgəyə ilk dəfə gedirsə, stresi azaltmaq üçün oradakı həyatın necə olduğunu anlatmaq, həmin düşərgəyə aid qısa videolar izlətmək və bu barədə əvvəlcədən müzakirə etmək olar”, - deyə N. Hüseynova qeyd edib.
SSANA İsveç institutunun 30 ölkədən olan məzunlarını bir araya gətirib VİDEO
Paytaxtda çoxzolaqlı yolda avtomobillə vurulan piyada hadisə yerində ölüb
Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib
Vətən müharibəsi şəhidlərinin övladlarının konsertdə iştirakı təmin edilib