×
A
A
A
Sazlamalar

Paytaxtda çoxzolaqlı yolda avtomobillə vurulan piyada hadisə yerində ölüb VİDEO

Bakı, 8 iyun, AZƏRTAC
İyunun 6-sı axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu Heydər Əliyev prospekti, "Sabunçu" körpüsünün qarşısında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yol hərəkəti iştirakçılarına ünvanlandığı müraciətdə bildirilib.
Qeyd olunub ki, hərəkətin intensiv olduğu çoxzolaqlı yolu keçməyə çalışan piyadanı minik avtomobili vurub və o, hadisə yerində həyatını itirib.
“Piyadalar keçidlərin yaxınlığında, xüsusilə də çoxzolaqlı yolu keçməyə çalışdıqda təəssüflər olsun ki, əksər hallarda nəticəsi bu cür olur. Buna görə də onlar məsuliyyətli və diqqətli olmalı, yolu yalnız keçidlərdən istifadə etməklə keçməlidirlər. Sürücülər isə sükan arxasında yola diqqət yetirməli, sürət həddinə əməl etməlidirlər”, - deyə müraciətdə vurğulanıb.

Cəmiyyət 2026-06-08 15:03:00

Video