


Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH
Bakı, 8 iyun, AZƏRTAC
Son illərdə dünyanın müxtəlif ölkələrində mənzil məsələsi ən ciddi sosial-iqtisadi problemlərdən birinə çevrilib. BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxın son açıqlamaları bu problemin artıq lokal deyil, qlobal xarakter aldığını bir daha təsdiqləyir. Onun sözlərinə görə, bu gün gənclər ev ala bilmir, hətta kirayə mənzil tapmaqda çətinlik çəkirlər. Yaşlı insanlar isə mövcud evlərində qalmağın artan xərclərini qarşılamaqda çətinlik yaşayırlar. Mənzil böhranının səbəbləri çoxşaxəlidir. Şəhərləşmənin sürətlənməsi, tikinti materiallarının bahalaşması, yüksək faiz dərəcələri, inflyasiya və əhali artımı mənzil bazarında ciddi təzyiq yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktor müavini iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.
Professor qeyd edib ki, bütün bunların nəticəsində həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə əlçatan mənzil problemi dərinləşir: “Rossbaxın vurğuladığı kimi, bu gün dünyada milyonlarla insan evsizlik və ya qeyri-qənaətbəxş yaşayış şəraiti ilə üz-üzədir. Problemin digər tərəfi iqlim dəyişiklikləri ilə bağlıdır. Sel, yanğın, quraqlıq və digər təbii fəlakətlər xüsusilə şəhərlərdə yaşayan insanların həyatına təsir göstərir. Düzgün planlaşdırılmamış urbanizasiya şəhərlərin dayanıqlığını azaldır və yeni sosial problemlər yaradır. Buna görə də müasir şəhər siyasəti yalnız yeni binaların tikintisi ilə məhdudlaşmamalı, həm də dayanıqlı və əlçatan yaşayış mühitinin formalaşdırılmasına yönəlməlidir. Azərbaycan da qlobal proseslərdən kənarda deyil. Son illərdə mənzil qiymətlərinin artması və şəhərlərə miqrasiyanın güclənməsi bu sahədə yeni çağırışlar yaradıb. Xüsusilə gənc ailələrin və aşağıgəlirli qrupların mənzil əldə etməsi üçün daha effektiv mexanizmlərin tətbiqi vacib görünür”.
Z.Məmmədov diqqətə çatdırıb ki, BMT-nin 2026–2029-cu illər üçün strateji planında mənzil təminatının prioritetlərdən biri kimi müəyyənləşdirilməsi təsadüfi deyil.
“Mənzil yalnız yaşayış yeri deyil, həm də sosial rifahın, iqtisadi sabitliyin və insan ləyaqətinin vacib elementidir. Bu səbəbdən hökumətlər, özəl sektor və beynəlxalq təşkilatlar birgə fəaliyyət göstərərək əlçatan mənzil siyasətini gücləndirməlidirlər. Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir. Bu problemin həlli isə uzunmüddətli planlaşdırma, sosial məsuliyyət və beynəlxalq əməkdaşlıq tələb edir”, – deyə o qeyd edib.
Zahid Məmmədov vurğulayıb ki, qlobal mənzil böhranı Azərbaycana da mühüm mesajlar verir: “Ölkəmizdə son illərdə mənzil tikintisinin həcmi artsa da, xüsusilə gənc ailələrin mənzil əldə etmək imkanları məhdud olaraq qalır. Bu baxımdan beynəlxalq təcrübədən çıxarılan dərslər gələcək siyasətin formalaşdırılmasında nəzərə alınmalıdır. İlk növbədə, əlçatan mənzil fondunun genişləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olmalıdır. Sosial və kirayə mənzil proqramlarının artırılması bazardakı təzyiqi azalda və aşağı gəlirli ailələrin mənzil təminatını yaxşılaşdıra bilər. İkinci vacib məsələ regionların inkişafıdır. Əhalinin böyük hissəsinin Bakı və Abşeron yarımadasında cəmləşməsi mənzil qiymətlərinin yüksəlməsinə səbəb olur. Regionlarda yeni iş yerlərinin yaradılması, infrastrukturun gücləndirilməsi və investisiyaların təşviqi daxili miqrasiyanı balanslaşdıra bilər. Üçüncü istiqamət şəhərsalma siyasətinin uzunmüddətli planlaşdırılmasıdır. Yeni yaşayış massivləri yalnız binalardan ibarət olmamalı, məktəb, xəstəxana, ictimai nəqliyyat, yaşıllıq zonaları və sosial xidmətlərlə birlikdə layihələndirilməlidir. Dayanıqlı şəhər modeli gələcəkdə həm sosial, həm də iqtisadi xərcləri azaldır. Dördüncü strateji addım mənzil maliyyələşdirilməsinin təkmilləşdirilməsidir. Uzunmüddətli və əlverişli ipoteka mexanizmlərinin genişləndirilməsi, xüsusilə gənclər və ilk dəfə ev alanlar üçün xüsusi proqramların tətbiqi mənzilə çıxışı asanlaşdıra bilər”, - deyə Zahid Məmmədov əlavə edib.
Professor diqqətə çatdırıb ki, problemin mühüm tərəflərindən biri də iqlim dəyişiklikləri ilə bağlıdır: “Nəhayət, iqlim dəyişikliklərinin təsirləri nəzərə alınaraq enerji səmərəli və ekoloji cəhətdən dayanıqlı tikinti standartlarının tətbiqi təşviq edilməlidir. Bu yanaşma həm vətəndaşların kommunal xərclərini azaldar, həm də gələcək nəsillər üçün daha sağlam yaşayış mühiti yaradar. Azərbaycan üçün əsas dərs ondan ibarətdir ki, mənzil məsələsi yalnız tikinti sektoru deyil, sosial rifah, iqtisadi inkişaf və milli təhlükəsizliklə bağlı strateji məsələdir. Bu sahədə vaxtında atılacaq addımlar gələcəkdə daha dayanıqlı və inklüziv şəhərlərin formalaşmasına xidmət edəcək”.
Müxbir – Pərvanə Qafarova
Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb
ATU-da qida təhlükəsizliyinin qorunması ilə bağlı aktual məsələlərə toxunulub
Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub