×
A
A
A
Sazlamalar

ATU-da qida təhlükəsizliyinin qorunması ilə bağlı aktual məsələlərə toxunulub

Bakı, 8 iyun, AZƏRTAC

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycan Tibb Universitetinin (ATU) Qidalanma və tibbi ekologiya kafedrasında Ümumdünya Qida Təhlükəsizliyi Günü və Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş tədbir keçirilib.
ATU-dan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə universitetin kafedra müdiri, dosent Fəridə Əli, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov, millət vəkili Aydın Mirzəzadə və digər çıxışçılar ətraf mühitin mühafizəsinin, sağlam həyat tərzinin təşviqinin və qida təhlükəsizliyinin təmin edilməsinin cəmiyyətin dayanıqlı inkişafında mühüm rol oynadığını vurğulayıblar.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Validə Sadıxova isə bildirib ki, ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması, qida risklərinin idarə edilməsi və istehlakçıların sağlamlığının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən tədbirlər qida zəncirinin bütün mərhələlərində nəzarətin gücləndirilməsinə, maarifləndirmənin artırılmasına və beynəlxalq standartlara uyğun təhlükəsizlik sistemlərinin təşviqinə xidmət edir.
Bildirilib ki, bu il 7 İyun — Ümumdünya Qida Təhlükəsizliyi Günü “Çətinliklərdən həllərə doğru – hər yerdə təhlükəsiz qida” şüarı ilə qeyd olunub. Bu ilin mövzusu qida mənşəli xəstəliklərin və qidadan qaynaqlana biləcək risklərin yükünün qiymətləndirilməsinin, elmi əsaslı qərarların qəbul edilməsinin və effektiv həllərin vacibliyini ön plana çıxarır.
Tədbir çərçivəsində qida təhlükəsizliyi və ətraf mühitin qorunması ilə bağlı aktual məsələlərə toxunulub, qarşıda duran əsas vəzifələr diqqətə çatdırılıb.

Cəmiyyət 2026-06-08 17:29:00