×
A
A
A
Sazlamalar

SSANA İsveç institutunun 30 ölkədən olan məzunlarını bir araya gətirib VİDEO

Stokholm, 8 iyun, AZƏRTAC
İsveçin Lund şəhərində “İsveç institutu məzunlarının görüşü – 2026” (“SI Graduation Gathering 2026”) keçirilib. Tədbir “Azərbaycanın İsveçdə təhsil alan tələbələri və məzunları” (“Sweden Students Alumni Network Azerbaijan” - SSANA) ictimai birliyi tərəfindən təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Stadsparken şəhər parkında “Unity Makes Strength” (“Birlik və güc”) devizi altında keçirilən tədbir 12 şəhərdəki 11 universitetin təmsil olunduğu 30 ölkənin təqribən 90 tələbəsi və məzununu bir araya gətirib.
SSANA-nın həmtəsisçisi Rahil Məmmədov salamlama nitqində qürur hissi ilə qeyd edib ki, məhz bu ictimai birlik əsas məqsədi insanları bir araya gətirmək, təcrübə mübadiləsi aparmaq və əməkdaşlıq üçün yeni imkanlar yaratmaq olan bu görüşün təşəbbüskarı qismində çıxış edib. O, beynəlxalq akademik mühitdə müxtəliflik dəyərlərinin qorunmasının vacibliyini xüsusi vurğulayıb. Həmtəsisçinin sözlərinə görə, beynəlxalq tələbələr burada təhsil almaqla yanaşı, həm də cəmiyyətin inkişafına töhfə verir, öz icmalarının həyatında fəal iştirak edirlər. “Bu kimi könüllü təşəbbüslər gənclərdə məsuliyyət, təşəbbüskarlıq və liderlik bacarıqlarının inkişaf etdirilməsinə kömək edir ki, bu da onların gələcək peşəkar karyeralarında mühüm rol oynayır”, - deyə R. Məmmədov vurğulayıb. O, iştirakçıları SSANA tərəfindən müəyyən edilmiş modelə əsaslanan güclü və davamlı beynəlxalq şəbəkənin yaradılmasını dəstəkləməyə və birləşməyə çağırıb.
Sonra təşkilatın Məşvərət Şurasının sədri Nərmin Abbasova və İdarə Heyətinin üzvləri Fidan Əhmədli, Zərifə Əmirova və Nicat Fətəliyev təqdimatlarla çıxış ediblər. Onlar SSANA-nın fəaliyyəti, təşkilatın İsveçin Bakıdakı və ölkəmizin Stokholmdakı səfirlikləri və İsveç İnstitutu ilə əməkdaşlığı barədə danışıb və assosiasiyanın beynəlxalq tələbə əlaqələrinin gücləndirilməsində rolunu vurğulayıblar.
Əsas proqramdan əlavə, görüş interaktiv elementləri də ehtiva edib. İştirakçılar müxtəlif ölkələrlə tanış olmaq və yeni əlaqələr qurmaq, bununla da mədəni mübadiləni və sosial inteqrasiyanı təşviq etmək məqsədi daşıyan sual-cavab sessiyasında iştirak ediblər.
Proqramın ən maraqlı hissələrindən biri iştirakçıların öz hekayələrini və təcrübələrini bölüşdükləri təqdimatlar idi.
Tədbirin sonunda iştirakçılar üçün foto və video çəkilişləri təşkil olunub. Dövlət bayraqları ilə qrup şəkilləri çəkdirilib və görüşdən yaddaqalan anlar sənədləşdirilib. Sonrakı qeyri-rəsmi ünsiyyət və şəbəkələşmə sessiyası iştirakçılara peşəkar təmaslarını genişləndirməyə və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etməyə imkan verib.
Görüş Azərbaycan gənclərinin beynəlxalq arenada oynadığı fəal rolun və onların liderlik keyfiyyətlərini necə uğurla nümayiş etdirdiklərinin bariz nümunəsi olub.
Qeyd etmək lazımdır ki, “Sweden Students & Alumni Network Azerbaijan” (SSANA) İsveç universitetlərinin azərbaycanlı tələbələri və məzunları tərəfindən təsis edilmiş qeyri-kommersiya təşkilatıdır. Onun fəaliyyəti peşəkar şəbəkələrin, beynəlxalq əməkdaşlığın və mədəniyyətlərarası qarşılıqlı əlaqənin inkişaf etdirilməsinə yönəlib.

Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Cəmiyyət 2026-06-08 15:07:00

Video