×
A
A
A
Sazlamalar

Varşavada "İkinci Dünya müharibəsində nasizm üzərində qələbədə Azərbaycanın rolu" adlı sərgi təşkil olunub

Vyana, 8 iyun, AZƏRTAC
Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü ilə Varşavadakı İstiqlal Muzeyində “İkinci Dünya müharibəsində nasizm üzərində qələbədə Azərbaycanın rolu” adlı sərgi, Varşava Universitetində isə Azərbaycan Araşdırmaları Mərkəzinin direktoru Şəhla Kazımovanın təqdimatında “Bakıdan Varşavaya: İkinci Dünya müharibəsində Polşanın taleyində azərbaycanlılar” mövzusunda mühazirə təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirin açılışında Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Polşanın İstiqlal Muzeyinin direktoru Katajına Leqaviets çıxış ediblər.
Polşanın İstiqlal Muzeyinin direktoru K.Leqaviets çıxışında sərginin tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasına, Azərbaycan və Polşa xalqları arasında ortaq tarixi yaddaşın qorunmasına və iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıb, belə təşəbbüslərin gələcək nəsillərin müharibənin dərslərini daha yaxşı anlamasına və tarixi irsin yaşadılmasına mühüm töhfə verdiyini bildirib.
Tədbirdə çıxış edən səfir N.Qurbanova qeyd olunan sərginin İstiqlal Muzeyi ilə tərəfdaşlıq çərçivəsində təşkil edilməsinin təsadüfi olmadığını diqqətə çatdıraraq, muzeyin Polşanın azadlıq və müstəqillik uğrunda mübarizəsinin, o cümlədən İkinci Dünya müharibəsinin ən əhəmiyyətli hadisələrinin xatirəsini qorumağa həsr olunduğunu qeyd edib.
İkinci Dünya müharibəsinin hər iki xalqın tarixi yaddaşında mühüm yer tutduğunu qeyd edən səfir həm Azərbaycan, həm də Polşanın çoxlu qurbanlar verdiyini bildirib. N.Qurbanova Polşanın nasist təcavüzünün ilk qurbanlarından biri olduğunu, müharibə, işğal və müqavimətin əsas meydanına çevrildiyini, yüz minlərlə Azərbaycan vətəndaşının isə cəbhə xəttində vuruşduğunu və Bakı neftinin strateji əhəmiyyəti sayəsində qələbəyə qətiyyətli töhfə verildiyini əlavə edib. O deyib ki, müharibə hər iki xalq üçün azadlığın baha başa gəldiyini və sülhün qorunmasının vacibliyini xatırladan ortaq cəsarət, fədakarlıq və dözümlülük irsi yaradıb.
Səfir, həmçinin İkinci Dünya müharibəsində Azərbaycandan təxminən 700 min nəfərin iştirak etməsi və ən azı 400 min nəfərin həlak olmasından bəhs edib. O diqqətə çatdırıb ki, Azərbaycandan ümumilikdə 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 min nəfər müxtəlif orden və medallarla təltif edilib. N.Qurbanova müharibə zamanı həyati əhəmiyyətli enerji təchizatçısı olan Azərbaycanın Sovet İttifaqında xam neftin dörddə üçünü, aviasiya yanacağının və yüksək keyfiyyətli sürtkü məhsullarının təxminən 90 faizini istehsal etdiyini bildirib: “Müharibənin ilk ilində neftçilərin zəhməti ilə Azərbaycan təxminən 25,4 milyon ton neft hasil edib ki, bu da ölkənin neft sənayesinin bütün tarixi üçün rekord göstərici idi. Bu, Sovet İttifaqında ümumi neft hasilatının təxminən 72 faizini təşkil edirdi”.
Bu kontekstdə ötən il 120 illik yubileyi qeyd edilən görkəmli Azərbaycan alimi, akademik Yusif Məmmədəliyevi xatırlayan səfir onun ixtiralarının İkinci Dünya müharibəsi zamanı Sovet İttifaqının yanacaq istehsalının keyfiyyətini və səmərəliliyini artırmağa yardım etdiyini vurğulayıb. Müharibə zamanı dahi alimin 38 növ yanacaq, 8 növ dizel və 9 növ təyyarə üçün müxtəlif benzin birləşmələrinin istehsalını təşkil etdiyini bildirib. Həmçinin alimin Polşa ilə əlaqələrinə toxunulub.
Sonda səfir sərginin ortaq tariximizin daha yaxşı başa düşülməsi, Azərbaycan ilə Polşa arasındakı dostluğun daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edərək, müharibənin çətinliklərini görən hər iki xalqın müstəqillik, suverenlik və sülhün dəyərini daha dərindən anladığını diqqətə çatdırıb.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti A.Raimkulova sərginin məqsədinin tarixin səhifələrini xatırlamaq deyil, həm də müharibənin taleyini əbədi olaraq dəyişdirən milyonlarla insanı yad etmək üçün təşkil edildiyini deyib. O, müharibənin insan itkisi, ağrı və dağıntılar gətirdiyini, xalqların yaddaşında dərin yaralar qoyduğunu, ortaq bəşəri sivilizasiyanın ayrılmaz hissəsi olan tarixi və mədəni irsə ciddi ziyan vurduğunu qeyd edib. O vurğulayıb ki, Azərbaycan müharibədə qələbənin əldə edilməsinə mühüm töhfə verib, Bakı nefti cəbhəni həyati əhəmiyyətli resurslarla təmin edib və yüz minlərlə azərbaycanlı cəbhədə vuruşaraq müstəsna cəsarət və mətanət nümayiş etdirib.
Azərbaycan Araşdırmaları Mərkəzinin direktoru Şəhla Kazımova tərəfindən təqdim olunan “Bakıdan Varşavaya: İkinci Dünya müharibəsində Polşanın taleyində azərbaycanlılar” adlı mühazirə Azərbaycan və Polşa xalqları arasında tarixi əlaqələrin mühüm səhifəsinə işıq salıb. Təqdimatda İkinci Dünya müharibəsi illərində azərbaycanlıların Polşanın taleyi ilə bağlı müxtəlif istiqamətlərdə göstərdikləri fəaliyyətlər, müharibənin yaratdığı humanitar və siyasi proseslər, eləcə də iki xalq arasında formalaşan həmrəylik nümunələri haqqında məlumat verilib.
Qeyd edək ki, sərgi Milli Arxiv İdarəsi, Azərbaycan Milli Kitabxanası, Azərbaycan Milli Elmlər Akademiyası, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Bakı Media Mərkəzi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Azərbaycan Fotoqrafları Birliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təqdim etdiyi materiallar əsasında ərsəyə gəlib.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Cəmiyyət 2026-06-08 14:55:00