×
A
A
A
Sazlamalar

AHİK-in təşkilatçılığı ilə “Sağlam həmkar” minifutbol turnirinə start verilib

Bakı, 8 iyun, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) birgə təşkilatçılığı ilə “Sağlam həmkar” minifutbol turnirinə start verilib.
AHİK-dən AZƏRTAC-a bildirilib ki, yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AHİK sədrinin müavini Qəzənfər Abdullayev Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən idman siyasətindən söz açıb, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, müasir idman infrastrukturunun yaradılması, eləcə də idmançılar üçün yaradılan geniş imkanlardan danışıb. “Sağlam həmkar” minifutbol turnirinin keçirilməsi sağlam həyat tərzinin təşviqi, kollektiv həmrəyliyin və komanda ruhunun gücləndirilməsi, asudə vaxtın səmərəli təşkili məqsədi daşıyır.
Tədbirdə AHİİTA-nın idman bölmələrinin idmançıları tərəfindən nümunəvi idman çıxışları nümayiş etdirilib.
Sonra turnirin ilk oyunlarına start verilib. Yarışda ümumilikdə 17 komanda 4 qrup üzrə mübarizə aparır.
Turnirə iyulun 10-da keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Cəmiyyət 2026-06-08 11:25:00