×
A
A
A
Sazlamalar

FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb

Bakı, 5 iyun, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) cümə günü açıqladığı yeni hesabat qlobal ət tədarükünün son altı onillikdə dörd dəfə artdığını ortaya qoyub.
AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, FAO-nun hesabatında bildirilib: “Əsasən, yumurta, quş əti və donuz əti ilə idarəolunan quru heyvan mənşəli qidanın (TASF) qlobal tədarükü son altı onillikdə əhəmiyyətli dərəcədə artıb”.
Tədqiqat TASF-in genişlənməsinin heyvandarlığı kənd təsərrüfatı sektorunun ən sürətlə böyüyən komponentinə çevirdiyini müəyyən edib.
FAO qeyd edib ki, tədqiqatda məməli heyvanlardan, quşlardan və həşəratlardan əldə edilən məhsulları əhatə edən TASF üçün qlobal tələb və təklif araşdırılıb. Təşkilat TASF qlobal tədarükünün 1961-2022-ci illər arasında sürətlə artdığını aşkar edib. Quş əti tədarükündə ən çox - təxminən beş dəfə artım qeydə alınıb, yumurta və donuz ətinin hər ikisi təxminən iki dəfə artıb, mal-qara əti istehsalı isə bir çox bölgələrdə sabit qalıb və ya azalıb.
“TASF qlobal tədarükü” adlı hesabatda qlobal ət istehsalının 2022-ci ildə 361 milyon tona çatdığı, 1961-ci ildəki təxminən 71 milyon tondan dərd dəfə çox olduğu müəyyən edilib.
Bu arada, süd istehsalı təxminən 342 milyon tondan 930 milyon tona, yumurta istehsalı isə 15 milyon tondan 94 milyon tona yüksəlib.
FAO bildirib ki, Asiya hazırda quru heyvan mənşəli qidaların ən böyük istehsalçısıdır, onun ardınca Avropa gəlir. Lakin istehsal tendensiyaları həmişə bazardakı bolluğa təsir etmir.
Hesabata görə, adambaşına düşən tədarük Şimali Amerikada ən yüksək həddə çatıb, Asiyada isə bu göstərici nisbətən aşağıdır. Qida itkisi və israfçılıq bu bərabərsizlikləri daha da genişləndirir və artan davamlılıq problemi yaradır.
FAO vurğulayıb ki, qlobal miqyasda istehsal olunan bütün qida məhsullarının təxminən üçdəbiri, o cümlədən TASF-in təxminən 14 faizi itirilir və ya israf edilir.

Dünya 2026-06-05 15:05:00