×
A
A
A
Sazlamalar

Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir

Stokholm, 5 iyun, AZƏRTAC

Norveçin vəliəhd şahzadəsi Mette-Marit irəliləyən ağciyər fibrozu səbəbindən ağciyər transplantasiyası üçün gözləmə siyahısına daxil edilib. Həkimlərin sözlərinə görə, son bir il ərzində onun vəziyyəti əhəmiyyətli dərəcədə pisləşib və ağciyər transplantasiyası olmadan proqnoz son dərəcə ciddi olaraq qalır.
AZƏRTAC xəbər verir ki, əməliyyatı gözlədiyi müddətdə vəliəhd şahzadə rəsmi vəzifələrinin icrasından müvəqqəti olaraq imtina edəcək. Bu, artıq bütün ailənin planlarına təsir göstərib. Vəliəhd şahzadə Hokon Yaponiyadan vaxtından əvvəl qayıdıb, gümüş toyunun qeyd olunması da daxil olmaqla, bir sıra planlaşdırılan tədbirlər təxirə salınıb.
Vəliəhd şahzadənin qızı, şahzadə İnqrid Aleksandra da anasının yanında olmaq üçün mübadilə proqramı çərçivəsində səfərdə olduğu Avstraliyadan geri qayıdıb. Mette-Maritin kiçik oğlu, payızda Avropada təhsilə başlamağı planlaşdıran şahzadə Sverre Maqnus isə hələlik xaricdə qalır. Bununla belə, vəziyyət tələb edərsə, o da vətənə qayıtmağa hazırdır.
Mette-Maritin ağır vəziyyəti fonunda onun böyük oğlu Marius Borq Höybinin durumu da diqqət mərkəzindədir. Hazırda o, məhkəmə araşdırmasını gözlədiyi üçün həbsdə saxlanılır. Onun vəkilləri anasının sağlamlıq vəziyyətinin kritik olduğunu əsas gətirərək azadlığa buraxılması ilə bağlı müraciət ediblər. Lakin prokurorluq bu vəsatəti rədd edib və məsələni baxılması üçün Oslo məhkəməsinə göndərib.
Ağciyər transplantasiyası ən mürəkkəb əməliyyatlardan biri hesab olunur və ciddi risklərlə müşayiət edilir. Bununla yanaşı, həkimlər vurğulayırlar ki, Mette-Marit gözləmə siyahısına daxil edilmək üçün müəyyən olunmuş tibbi meyarlara uyğundur. Hadisələrin inkişafı həm Norveçdə, həm də kral ailələri arasında sıx münasibətlərin olduğu qonşu İsveçdə də diqqətlə izlənilir. Hər kəs Norveçin vəliəhd şahzadəsinin uğurlu müalicəsinə və sağalmasına ümid edir.

Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Dünya 2026-06-05 18:20:00