×
A
A
A
Sazlamalar

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Ankara, 5 iyun, AZƏRTAC

Qlobal iqtisadiyyatda proteksionizmə və yeni məhdudlaşdırıcı tədbirlərə deyil, əməkdaşlığa və bazarların azad ticarət üçün açıq olmasına ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin ticarət naziri Ömər Bolat Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tədbirləri çərçivəsində bildirib.
Nazirin sözlərinə görə, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tələblərinə uyğun olaraq qlobal ticarət sisteminin möhkəmləndirilməsi dünya iqtisadiyyatının inkişafını təmin edən yeganə əsas amildir.
O bildirib ki, son 20 ildə Türkiyə ciddi iqtisadi artıma nail olub. Buna ixracyönümlü sənaye siyasəti və xarici ticarətin liberallaşdırılması istiqamətində atılan addımlar təkan verib.
Ö.Bolat ölkəsinin əlverişli geostrateji mövqeyinə də diqqət çəkərək qeyd edib ki, Türkiyə Avropa ilə Asiya arasında təbii nəqliyyat dəhlizi kimi qəbul olunur. “Bu gün Orta Dəhlizdən danışırıq, hansı ki, Zəngəzur dəhlizi də onun tərkib hissəsi olacaq. İraqın cənubundan Türkiyə sərhədinədək uzanacaq “İnkişaf yolu” layihəsi də müzakirə edilir. Bundan başqa, Türkiyə enerji marşrutlarının kəsişdiyi məkan olaraq qalır ki, bu da mühüm əhəmiyyət kəsb edir. Avropanın bir çox ölkəsi qazı məhz ölkəmizdən keçən boru kəmərləri vasitəsilə alır”, - deyə nazir əlavə edib.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2026-06-05 20:50:00