×
A
A
A
Sazlamalar

Vaxo Çaraia: BTQ layihəsi çoxşaxəli faydalar verə biləcək strateji təşəbbüsdür

Tbilisi, 4 iyun, AZƏRTAC

Azərbaycan Bakı–Tbilisi-Qars dəmir yolu layihəsinin əsas təşəbbüskarlarından və mühüm maliyyə iştirakçılarından biri kimi bu layihənin strateji əhəmiyyətini uzun illər əvvəl görüb. Rəsmi Bakı təkcə bu gün deyil, illər öncə də regionun iqtisadi inkişaf perspektivlərini və nəqliyyat ehtiyaclarını düzgün qiymətləndirərək bu layihənin reallaşmasına dəstək verib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü iqtisadçı ekspert Vaxo Çaraia deyib.
Onun sözlərinə görə, Gürcüstan da layihənin həyata keçirilməsi üçün vacib töhfələr verib, o cümlədən infrastrukturun təmin olunması və lazımi şəraitin yaradılması istiqamətində mühüm addımlar atılıb.
Ekspert deyib ki, bu layihə Azərbaycan üçün regional mövqelərinin möhkəmlənməsi və real iqtisadi dividendlərin əldə olunması baxımından əhəmiyyətli hesab olunur. Ümumilikdə isə Bakı–Tbilisi–Qars xətti region ölkələri arasında əməkdaşlığın genişlənməsinə, qarşılıqlı əlaqələrin güclənməsinə və iqtisadi inkişafın sürətlənməsinə xidmət edir. Nəticə etibarilə, bu layihədən regiondakı bütün tərəflər faydalanır və bu da qonşu ölkələr arasında əməkdaşlığın daha da dərinləşməsinə şərait yaradır.
“Bakı–Tbilisi–Qars dəmir yolunun açılması müsbət və təqdirəlayiq hadisədir, çünki uzun illər davam edən planlaşdırma və layihələndirmə prosesindən sonra bu layihə, nəhayət ki, bu mərhələyə gətirilib və istifadəyə verilib. Bu layihə Azərbaycan, Gürcüstan, eləcə də həm də ümumilikdə region, daha geniş baxdıqda isə Asiya və Avropa üçün mühüm əhəmiyyət daşıyır. Çünki bu dəmir yolu məhz həmin regionlar arasında bağlantı yaradır və Azərbaycan, Gürcüstan və Türkiyə əməkdaşlığının nəticəsidir.
Bu marşrut, xüsusilə Avropa üçün alternativ və diversifikasiya olunmuş nəqliyyat imkanlarından biri kimi çıxış edir. Xüsusilə Rusiya üzərindən keçən bəzi marşrutların məhdudlaşması və cənub istiqamətində mövcud qeyri-sabitlik fonunda bu xətt daha etibarlı və stabil alternativ kimi önə çıxır”, – deyə ekspert vurğulayıb.
O deyib: “Bu, tam yeganə marşrut olmasa da, ən sabit və təhlükəsiz yollarından biri kimi qiymətləndirilə bilər və həm iqtisadi, həm də siyasi baxımdan iştirakçı ölkələr üçün müsbət nəticələr, inkişaf və sabitlik gətirə bilər. Eyni zamanda, vacib məqam ondan ibarətdir ki, bu layihəyə təkcə region ölkələri deyil, həm də Avropa və Asiya ölkələrindən geniş maraq var. Bu da layihənin beynəlxalq əhəmiyyətini artırır və onun effektivliyini daha da gücləndirir. Nəticə etibarilə, Bakı–Tbilisi–Qars layihəsi yalnız iqtisadi layihə deyil, həm də regionda sabitlik, əməkdaşlıq, iqtisadi artım və məşğulluğun genişlənməsi baxımından çoxşaxəli faydalar verə biləcək strateji təşəbbüs kimi qiymətləndirilir”.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

İqtisadiyyat 2026-06-04 22:55:00