×
A
A
A
Sazlamalar

Elvin Balacanov: Rəqəmsal dayanıqlılığın əsasını peşəkar kadrlar və əməkdaşlıq təşkil edir

Bakı, 4 iyun, AZƏRTAC

Kibertəhlükəsizlik sahəsində dayanıqlı ekosistemin formalaşdırılması üçün insan kapitalına yatırım və müxtəlif qurumlar arasında əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin məsul nümayəndəsi Elvin Balacanov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində təşkil olunan panel müzakirəsində səsləndirib.
Bildirib ki, müasir kibertəhdidlərə qarşı mübarizədə texnoloji imkanlarla yanaşı, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması və onların sektorda saxlanılması xüsusi önəm kəsb edir.
Diqqətə çatdırıb ki, kiberdavamlılığın təmin edilməsində dövlət və özəl sektor arasında tərəfdaşlıqlar, milli CERT strukturlarının koordinasiyası, birgə təlim proqramları və bilik mübadiləsi təşəbbüsləri mühüm rol oynayır.
Mərkəzin nümayəndəsi qeyd edib ki, süni intellekt texnologiyalarının sürətli inkişafı kibertəhlükəsizlik mühitini dəyişdirir və bu proses həm risklərin, həm də müdafiə vasitələrinin transformasiyasına səbəb olur. Belə şəraitdə regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi daha da aktuallaşır.
Onun fikrincə, forum çərçivəsində aparılan müzakirələr kibertəhlükəsizlik sahəsində tərəfdaşlıqların və təcrübə mübadiləsinin əhəmiyyətini bir daha nümayiş etdirir. Vurğulanıb ki, qlobal xarakter daşıyan kibertəhdidlərə qarşı effektiv mübarizə qarşılıqlı etimad, koordinasiya və ortaq məsuliyyət prinsipləri əsasında mümkün olur.

Müxbir - Pərvanə Qafarova
Fotoqraf - İlkin Cavanşirov
Videooperator - Vüsal Tağıyev

İqtisadiyyat 2026-06-04 22:23:00