×
A
A
A
Sazlamalar

Erdal Özkaya: Süni intellekt kibertəhdidlərin həyata keçirilməsi sürətini 29 saniyəyədək azaldıb

Bakı, 4 iyun, AZƏRTAC

Süni intellekt texnologiyalarının sürətli inkişafı kibercinayətkarların fəaliyyət imkanlarını genişləndirərək hücumların həyata keçirilmə müddətini əhəmiyyətli dərəcədə azaldıb. Əvvəllər mürəkkəb kiberhücumların həyata keçirilməsi üçün uzun müddət və yüksək texniki bilik tələb olunurdusa, süni intellekt bu prosesi xeyli sürətləndirib. Belə ki, beş il öncə hər hansı kiberhücum zamanı yarım saat lazım olan prosesi hazırda süni intellekt vasitəsilə 29 saniyəyə reallaşdırmaq olur.
AZƏRTAC xəbər verir ki, bu barədə Morgan Dövlət Universitetinin Baş İnformasiya Təhlükəsizliyi Meneceri Erdal Özkaya Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində çıxışı zamanı bildirib.
O qeyd edib ki, aparılan araşdırmalar istifadəçilərin böyük əksəriyyətinin eyni şifrələrdən təkrar istifadə etdiyini göstərir ki, bu da kibercinayətkarlar üçün əlavə imkanlar yaradır. O vurğulayıb ki, təşkilatların və fərdlərin kibertəhlükəsizlik sahəsində daha məsuliyyətli davranması vacibdir.
Ekspert bildirib ki, müasir dövrdə kibertəhlükəsizlik sistemlərinin effektivliyinin artırılması üçün süni intellektdən istifadə artıq zərurətə çevrilib. Onun fikrincə, kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkətlər və qurumlar innovativ texnologiyaları tətbiq etmədən artan təhdidlərə qarşı adekvat müdafiə qura bilməyəcəklər.
Erdal Özkaya süni intellekt inqilabını internetin yaranmasının ilk dövrləri ilə müqayisə edərək bildirib ki, hazırda dünya bu texnologiyanın inkişafının başlanğıc mərhələsindədir. O qeyd edib ki, süni intellekt imkanlarından düzgün istifadə edən şəxslər və təşkilatlar yaxın illərdə mühüm üstünlüklər əldə edə biləcək.

Müxbir - Pərvanə Qafarova
Fotoqraf - İlkin Cavanşirov
Videooperator - Vüsal Tağıyev

İqtisadiyyat 2026-06-04 22:22:00