


Tural Məmmədov: Azərbaycan internetdən asılı olmayan suveren dövlət xidmətləri qurur
Bakı, 4 iyun, AZƏRTAC
Azərbaycan internetin qlobal miqyasda kəsilməsi və ya xarici təsirlər nəticəsində yaranan risklərə qarşı dayanıqlılığı artırmaq məqsədilə internetdən asılı olmayan suveren dövlət xidmətlərinin qurulması üzərində işləyir.
AZƏRTAC xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş İdarə rəisinin müavini Tural Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə keçirilən IV Milli Kibertəhlükəsizlik Forumunda “Milli kibertəhlükəsizlik ekosistemi” mövzusunda sessiyada çıxışı zamanı deyib.
Bildirib ki, son illərdə geosiyasi gərginliklər, müharibələr və sanksiyalar dövlətlərin rəqəmsal dayanıqlılıq məsələlərinə yanaşmasını dəyişib.
“Datanın ölkə daxilində saxlanılması ön plana çıxır. Hər bir dövlət internetin kəsilməsi halında belə öz daxili kommunikasiya və xidmət infrastrukturunu işlək vəziyyətdə saxlamaq barədə düşünür. Lokal eksçeynclərin qurulması və internetdən asılı olmayan suveren dövlət xidmətlərinin yaradılması hazırda prioritet istiqamətlərdəndir. XRİTDX-nin üzərində işlədiyi layihələrdən biri də məhz bu xidmətlərin qurulmasıdır - splinternet. Məqsəd internetə çıxış məhdudlaşsa belə, dövlət xidmətlərinin vətəndaşlar və dövlət qurumları üçün əlçatan qalmasını təmin etməkdir”, – deyə Tural Məmmədov bildirib.
O qeyd edib ki, kibertəhlükəsizlik artıq yalnız texniki məsələ deyil, həm də rəqəmsal etimad məsələsidir. Kibertəhlükəsizlik insidenti təkcə bir informasiya sisteminin fəaliyyətini pozmur, eyni zamanda vətəndaşların dövlət xidmətlərinə, bank sektoruna və ümumilikdə rəqəmsal transformasiya prosesinə olan etimadına mənfi təsir göstərə bilər.
Tural Məmmədov bildirib ki, süni intellektin sürətli inkişafı kibertəhlükəsizlik ekosisteminə də ciddi təsir göstərir. Bu texnologiyalar həm hücum edən tərəflər, həm də müdafiə sistemləri tərəfindən istifadə olunur. Bu səbəbdən müxtəlif mənbələrdən daxil olan məlumatların real vaxt rejimində təhlilini həyata keçirən və vahid milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılmasına xidmət edən yeni platformalar yaradılır.
XRİTDX rəsmisi dövlət qurumlarına qarşı son dövrlərdə müşahidə olunan əsas təhdidlərdən birinin təchizat zənciri üzərindən həyata keçirilən kiberhücumlar olduğunu da diqqətə çatdırıb.
“Ölkənin kibertəhlükəsizliyi podratçının təhlükəsizliyi qədər güclüdür. Dövlət qurumlarına qarşı yönəlmiş bir sıra hücumların təhlili göstərib ki, hücumçular əvvəlcə podratçı və ya xidmət təminatçısı şirkətlərin şəbəkələrinə sızaraq sonradan dövlət qurumlarının informasiya sistemlərinə çıxış əldə etməyə çalışıblar”, – deyə o vurğulayıb.
Tural Məmmədov hesab edir ki, yeni yaradılmış Milli Kibertəhlükəsizlik Agentliyinin özəl sektorda fəaliyyət göstərən şirkətlərin kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi istiqamətində fəaliyyəti bu risklərin azaldılmasına mühüm töhfə verəcək.
Onun sözlərinə görə, milli təhlükəsizlik yalnız dövlət informasiya sistemlərinin qorunması ilə məhdudlaşmır və dövlətə xidmət göstərən hər bir şirkət kibertəhlükəsizlik ekosisteminin ayrılmaz hissəsidir. Buna görə də kibertəhlükəsizlik sahəsində dayanıqlı müdafiə modelinin qurulması dövlət və özəl sektorun birgə fəaliyyətini tələb edir.
Vaxo Çaraia: BTQ layihəsi çoxşaxəli faydalar verə biləcək strateji təşəbbüsdür
Tural Məmmədov: Azərbaycan internetdən asılı olmayan suveren dövlət xidmətləri qurur
Elvin Balacanov: Rəqəmsal dayanıqlılığın əsasını peşəkar kadrlar və əməkdaşlıq təşkil edir
Erdal Özkaya: Süni intellekt kibertəhdidlərin həyata keçirilməsi sürətini 29 saniyəyədək azaldıb