×
A
A
A
Sazlamalar

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

Tərtər, 4 may, Tahir Ağaməmmədov, AZƏRTAC

“Yeni Tərtər” qəzetinin ilk nömrəsinin nəşr olunmasından 90 il ötür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən yubiley tədbirinin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra onlar “Yeni Tərtər” qəzetinin ötən dövr ərzindəki fəaliyyətini əks etdirən fotostendlərə, redaksiya əməkdaşlarının kitablarından ibarət sərgiyə baxıb, qəzetin müxtəlif illərdə nəşr edilmiş nömrələri ilə tanış olublar.
Rayon ictimaiyyəti nümayəndələrinin, tanınmış jurnalistlərin iştirak etdiyi tədbirdə qəzetin redaktoru Svetlana Bağırova mətbu orqanın tarixi, keçdiyi yoldan danışıb. Məlumat verilib ki, 1934-cü ildə “Kolxozçuların varlanması uğrunda” adı ilə fəaliyyətə başlayan qəzet 1937-ci ildən “Qızıl Bayraq”, 1991-ci ildən isə “Tərtər” adı ilə nəşr edilib. 1998-ci ildən fəaliyyəti dayanan qəzet 2005-ci ildən etibarən “Yeni Tərtər” adı ilə nəşr edilməyə başlanıb. 90 illik fəaliyyəti dövründə “Yeni Tərtər” qəzeti rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında baş vermiş hadisələri, yenilikləri oxuculara çatdırmaqla rayonun bu dövrə aid salnaməsini yaradıb.
Milli Məclisin deputatı Sahib Alıyev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Ahıl Jurnalistlər Birliyinin sədr müavini Əminə Yusifqızı, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və başqaları redaksiyanın kollektivini qəzetin 90 illik yubileyi münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda qəzetin əməkdaşlarına fəxri fərman və hədiyyələr verilib. Azərbaycan Prezidentinin Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuş Svetlana Bağırovaya medal təqdim edilib.

Regionlar 2024-05-04 15:26:00