×
A
A
A
Sazlamalar

Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi: Anbarlarda su ehtiyatları əvvəlki illərə nisbətən çoxdur – EKSKLÜZİV

Bakı, 9 aprel, AZƏRTAC

Azərbaycan məhdud su ehtiyatlarına malik ölkədir və onun yerüstü su ehtiyatlarının 70 faizi qonşu dövlətlərin ərazisində formalaşır. Ölkəmizdə su ehtiyatının azlığı nəzərə alınaraq, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən hazırlanmış tədbirlər planına əsasən, su anbarlarında toplanmış ehtiyatlardan qənaətlə və səmərəli istifadə edilir. Bunun nəticəsində su anbarlarında toplanmış su ehtiyatları əvvəlki illərə nisbətən çoxdur.
Bunu AZƏRTAC-a eksklüziv açıqlamasında Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Sarvan Ağayev bildirib.
Onun sözlərinə görə, su anbarlarının su ilə doldurulması əsasən yaz aylarında, gursululuq dövründə həyata keçirilir. Son iki ildə yağıntıların artması nəticəsində çaylarda suyun səviyyəsi yüksəldiyindən 2024-cü ilin ilk 3 ayında su anbarlarında kifayət qədər artım müşahidə olunur: “Hazırda ölkənin əsas su anbarlarında 17,1 milyard kubmetr su ehtiyatı toplanıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 milyard kubmetr çoxdur. Əvvəlki illərlə müqayisədə su anbarlarında su ehtiyatının çox olması, cari ildə əkin sahələrinin suvarma suyu ilə təmin olunmasında yaranan çətinliklərin aradan qaldırılacağını deməyə əsas verir. Belə ki, ölkəmizin ən böyük su anbarı olan Mingəçevir su anbarı əkin sahələrini suvarma suyu ilə təmin edən əsas su mənbələrindən biridir və su anbarında 2024-cü ildə 2023-cü illə müqayisədə 2,6 milyard kubmetr artıq su ehtiyatı toplanıb. Mingəçevir su anbarından qidalanan Yuxarı Qarabağ Kanalı və Şirvan Suvarma Kanalı, ümumilikdə, respublikanın Qarabağ və Şirvan bölgələrinin 262,7 min hektar əkin sahələrini suvarma suyu ilə təmin edir. 2024-cü ildə hər iki kanala suyun ötürülməsində çətinlik gözlənilmir”.
Sarvan Ağayev qeyd edib ki, bununla yanaşı Mingəçevir su anbarından Kür çayına buraxılan suyun həcmi də artırılıb. Bu da öz növbəsində Kür çayı qırağı ərazilərdə yerləşən rayonların əkin sahələrinin nasos stansiyaları vasitəsilə suvarma suyu ilə təmin olunması deməkdir.
“Ölkəmizin əsas su mənbələrindən biri də Araz çayıdır. Araz çayı üzərində yerləşən Araz su anbarında da 2024-cü ildə ötən illə müqayisədə 207 milyon kubmetrdən artıq su ehtiyatı toplanıb. Araz su anbarı demək olar ki, su ehtiyatı ilə doldurulub. Bu da Araz çayı üzərində yerləşən Mil-Muğan Hidroqovşağı və Bəhrəmtəpə Hidroqovşağından ayrılan magistral kanalları qidalandırmaqla, Araz çayı altında yerləşən əkin sahələrini tələbata uyğun olaraq suvarma suyu ilə təmin edəcəkdir”, - deyən Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi şimal rayonlarının əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsinə də toxunub. “Şimal rayonlarının da vəziyyəti qənaətbəxşdir. Belə ki, Samur və digər şimal dağ çaylarından gələn sular hesabına əkin sahələrinin suvarma suyu ilə təmin olunması ilə yanaşı, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrini içməli su ilə təmin edən Taxtakörpü və Ceyranbatan su anbarları da demək olar ki, su ehtiyatı ilə doldurulub. Belə ki, Taxtakörpü su anbarında ötən illə müqayisədə 151,8 milyon kubmetr, Ceyranbatan su anbarında isə 46,6 milyon kubmetr artıq su ehtiyatı toplanıb”.
Onun sözlərinə görə, gursululuq dövrünün başlandığını nəzərə alsaq, su anbarlarının növbəti aylarda da su ilə doldurulması təmin ediləcək.

 

Regionlar 2024-04-09 16:54:00