×
A
A
A
Sazlamalar

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Naxçıvan, 7 may, AZƏRTAC

Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Böyük bağ” istirahət parkında “Sağlam həyat günü” adlı kütləvi idman tədbiri keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, layihə çərçivəsində iştirakçılar müxtəlif yaş qrupları üzrə təyin olunmuş normativ tələbləri yerinə yetirib, nəticələrə uyğun olaraq qızıl, gümüş və bürünc stikerli sertifikatlar əldə ediblər.
Tədbirdə, həmçinin bədii gimnastların, karateçilərin, ağırlıqqaldıranların və cüdoçuların nümunəvi çıxışları izlənilib.
Naxçıvanda səfərdə olan Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və rəhbərlik etdiyi nümayəndə heyəti, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov tədbiri izləyib, iştirakçılara uğurlar arzulayıblar.
Könüllülük, hər kəsə uyğunluq, sağlam həyat tərzinin aşılanması, tibbi nəzarət prinsiplərinə əsaslanan layihədə məktəblilər, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, gənclər və müxtəlif yaş qruplarına mənsub insanlar iştirak ediblər.

Regionlar 2024-05-07 15:15:00