×
A
A
A
Sazlamalar

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

Balakən, 7 may, Mustafa Dadaşov, AZƏRTAC

Builki mövsümdə Balakən rayonunda yaş barama istehsalının 28 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirilməsi üçün kümçülərə Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunmuş 700 qutu və ya 13,3 kiloqram ipəkqurdu paylanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Qurum rəsmisi bildirib ki, rayonun kümçüləri mövsümə ciddi hazırlaşıblar. Kümxanalarda dezinfeksiya işləri aparılıb, tut ağaclarına aqrotexniki qulluq olunub. İpəkqurdu rayonun 19 inzibati ərazi dairəsi üzrə kümçülərə paylanılıb. Cari ildə rayonda 270-dək kümçü barama yetişdirilməsi ilə məşğul olacaq. İstehsalçılardan yaş barama tədarükünə mayın axırlarında başlanılması nəzərdə tutulur.
Sektor müdirinin sözlərinə görə, Qazma kəndindən Tahir Məmliyev bu il məntəqədən rayon üzrə hamıdan çox - 12 qutu ipəkqurdu götürüb. Kümçü cari mövsümdə 228 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olacaq. O, bu il 480 kiloqram yaş barama istehsal etməyi qarşıya məqsəd qoyub.
Hənifə kəndindən Telman Əliyev isə builki mövsümdə 8 qutu ipəkqurdunun yemlənməsi ilə məşğul olacaq.
Xatırladaq ki, ötənilki mövsümdə rayonda 28,1 tondan çox yaş barama istehsal edilib.
Şahin Rəhimli bildirib ki, hazırda rayonun təsərrüfatlarında dən üçün qarğıdalı əkini də davam edir: “Bu il rayonda dən üçün qarğıdalının əkin sahələrinin artırılaraq 7 min 825 hektara çatdırılması proqnozlaşdırılır. Fermerlər indiyədək 5500 hektaradək sahəyə qarğıdalı əkiblər”.

Regionlar 2024-05-07 18:56:00