×
A
A
A
Sazlamalar

Tərtərdə Aprel döyüşləri şəhidi Nicat İsgəndərovun xatirəsi anılıb

Tərtər, 2 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Tərtərdə 2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Nicat İsgəndərovun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəsmilərinin, şəhid ailələrinin, qazilərin, veteranların, ictimaiyyət nümayəndələrinin və məktəblilərin iştirak etdikləri tədbirdə şəhidin böyüyüb boya-başa çatdığı evin qarşısında quraşdırılmış barelyefin önünə gül dəstələri düzülüb.
Tədbirdə Nicat İsgəndərovun həyat və döyüş yolundan, 2016-cı il Aprel döyüşlərinin əhəmiyyətindən, Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, ötən ilin sentyabr ayının 19-da aparılan lokal xarakterli antiterror tədbirlərindən danışılıb.
Bildirilib ki, Nicat İsgəndərov Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətini başa vurduqdan sonra gizirlik məktəbində təhsil alıb. Sonra Vətənə xidmətini cəbhənin Füzuli istiqamətində davam etdirib. Gizir Nicat İsgəndərov 2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin təxribatının qarşısının alınmasında iştirak edib. Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olub. Döyüşdə göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib. Tərtər şəhərinin küçələrindən birinə şəhidin adı verilib, barelyefi quraşdırılıb. Onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan bəhs edən “Şəhidliyə aparan arzu” adlı sənədli film çəkilib.
Tədbirdə məktəblilər Vətənə, şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.
Şəhid Nicat İsgəndərovun valideynləri Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə olan diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Regionlar 2024-04-02 17:52:00