×
A
A
A
Sazlamalar

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Şəki, 4 may, Mustafa Dadaşov, AZƏRTAC

Şəkidə “ArchiVision WeekEND Camp” düşərgəsi ilk dəfədir təşkil olunub. Gənclər və İdman Nazirliyi olaraq gənclərin asudə vaxtlarının mənalı və səmərəli təşkilinə, eyni zamanda, onların fərdi inkişafına böyük diqqət yetiririk. Bu baxımdan düşərgələr çox yaxşı formadır. Təkcə ötən il nazirlik tərəfindən gənclər üçün 50-dən çox düşərgə təşkil olunub. Çalışırıq hər dəfə bu düşərgələrin bir məqsədi olsun. Bu dəfə əsas məqsədimiz gənc memarları bir araya gətirmək idi. Düşərgənin ilk günündən artıq gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri gənclər və idman nazirinin müavini İndira Hacıyeva Şəkidə “ArchiVision WeekEND Camp” çərçivəsində keçirilən tədbirdə media nümayəndələrinə açıqlamasında bildirib.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından ötən 33 ilə yaxın dövrdə ölkəmizin bir çox uğurlara imza atdığını vurğulayan nazir müavini deyib: “Biz bu dövrdə çox böyük bir Qələbəni yaşadıq, torpaqlarımız işğaldan azad edildi. İndi ölkəmiz də, gənclərimiz də müasirləşir. Gənclər ölkəmizin daha da inkişaf etməsinə, milli adət-ənənələrimizin yaşadılmasına, mentalitetimizin qorunmasına töhfələrini verirlər. Hazırda düşərgəyə toplaşan 100-ə yaxın gənc memar da Azərbaycanın gələcəyidir”.

Regionlar 2024-05-04 17:22:00