×
A
A
A
Sazlamalar

Tərtərdə Milli Qəhrəman Vəzir Orucovun xatirəsi anılıb

Tərtər, 22 mart, AZƏRTAC
Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun şəhidlik zirvəsinə ucalmasından 31 il ötür. Bu münasibətlə Tərtər şəhərində Milli Qəhrəmanın xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Vəzir Orucovun ailə üzvləri və döyüş dostları, Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər Milli Qəhrəmanın barelyefi önünə gül-çiçək qoyaraq xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin ruhuna dua oxunub.
Tədbirdə çıxış edənlər Vəzir Orucovun həyatından və döyüş yolundan danışıblar. Bildirilib ki, Vəzir Orucov 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olub. Təhsilini və hərbi xidməti başa çatdırdıqdan sonra isə 1984-cü ildən 1992-ci ilə qədər Rusiyanın Arxangelsk vilayətində yaşayıb. 1992-ci ildə Xocalı soyqırımından sonra V.Orucov Azərbaycana qayıdıb, “Tərtər” özünümüdafiə batalyonuna yazılıb. 1992-ci ilin sentyabrında Çıldıran kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanıb, tam sağalmamış yenidən cəbhəyə qayıdıb. Ağdərədə gedən döyüşlərdə cəsurluq göstərib, qorxmazlığı ilə döyüş yoldaşlarına nümunə olub. Döyüşlərdəki şücaətinə və komandirlik bacarığına görə batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlib. Vəzir Orucov 1993-cü il martın 22-də Ağdərə bölgəsinin “Qlobus” yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olub, Bakıda Şəhidlər xiyabanında dəfn edilib. 1993-cü il martın 27-də ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Tədbirdə Vəzir Orucovun döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşüblər.

Regionlar 2024-03-22 19:26:00