×
A
A
A
Sazlamalar

Qazaxda Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib

Qazax, 21 mart, Ruslan Novruzoğlu, AZƏRTAC

Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Bahar, istəklimsən başdan, binadan!” adlı ümumrayon tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Mərkəzinin qarşısındakı geniş meydanda bayram tonqalı çatılıb, alaçıqlar quraşdırılıb, xalçalar salınıb, adət-ənənələrimizi əks etdirən əşyalar nümayiş etdirilib, Novruzun rəmzi olan şəkərbura, paxlava və səmənili xonçalar göz oxşayıb.
Bayram tədbirində rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələrinin üzvləri, qazilər, gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Kosa, Keçəl, Bahar qızı və zurnaçılar tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, onlarla yumurta döyüşdürüblər. İştirakçılar “Cəngi” sədaları altında obaya daxil olublar. Qonaqları obada Qazan xan qarşılayıb, bayram təbriklərini çatdırıb və onları alaçıqlarla tanış edib.
Bayram tədbirində Dədə Qorqud iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Bayram tonqalı alovlandırılıb, milli geyimli gənclər ocağın ətrafında “Yallı” gediblər.
Sonra Mədəniyyət Mərkəzinin foyesində Qazax Dövlət Rəsm Qalereyasının və Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnəklərinin üzvlərinin əl işləri, rəsmləri ilə tanışlıq olub.
Bayram tədbiri Mədəniyyət Mərkəzinin böyük zalında konsert proqramı ilə davam etdirilib.
Tədbirdə Mədəniyyət Mərkəzinin Novruz bayramı münasibətilə hazırladığı rəngarəng çıxışlara yer verilib. Vahid Hocanın hazırladığı “Göyəzən” instrumental ansamblının ifasında səslənən “Novruz” kompozisiyası alqışlarla qarşılanıb. İstedadlı gənc Məhəmməd Budaqovun ifasında “Bayram axşamlarında”, müğənnilər Nicat Zeynallının “Türk övladıyıq”, Gültəkin Hüseynovanın “Şur” təsnifi, “Yurd” vokal qrupunun təqdim etdiyi mahnı, Vüsal Osmanlının ifasında səslənən “Gəl, inad etmə”, Gülnar Mədətovanın ifasında səslənən “Bənövşə”, Ramal Vilayətoğlunun ifasında səslənən “Azərbaycan”, Vüqar Mehdiyevin ifasında səslənən “Səməni”, Zəmanə Dərvişin ifasında səslənən “Popuri”, Aşıq Samir Cəlaloğlunun və Aşıq Yaşar Gülümcanovun ifa etdikləri saz havaları bayram tədbirinin iştirakçılarına xoş anlar bəxş edib.
“Buta” rəqs qrupunun təqdim etdiyi rəqs nömrəsi, Vətən müharibəsi şəhidi Babək Həsənovun qardaşının övladları Gülarə Həsənli və Şahyəddin Həsənlinin şeir töhfələri tədbirə xoş ovqat qatıb.

Regionlar 2024-03-21 02:27:00