×
A
A
A
Sazlamalar

Qarabağ Regional DOST Mərkəzində əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatına başlanılıb

Bərdə, 15 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” – Reabilitasiya Məntəqəsində əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həmin məntəqədə əlilliyi olan 14 sakinə reabilitasiya vasitələri təqdim edilib. Həmin vasitələrin sırasına açıq və qapalı məkanda istifadə üçün mexaniki təkərli oturacaq, dirsəkaltı və qoltuqaltı ağac, əsa, reabilitasiya vasitələri üçün rezin ucluq və sair daxildir.
Bundan sonra “RehaPoint”də əlilliyi olan şəxslərin mütəmadi olaraq reabilitasiya vasitələri ilə təminatı həyata keçiriləcək.
Qeyd edək ki, Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” – Reabilitasiya Məntəqəsi ötən ilin dekabrında fəaliyyətə başlayıb. Burada bölgədə əlilliyi olan sakinlərə ambulator reabilitasiya xidmətləri (müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri) göstərilir. Məqsəd regionlarda əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığının və vətəndaş məmnunluğunun artırılması, bərpa prosesində əldə edilən nəticələrin davamlılığının təmin olunması, regionlarda reabilitasiya infrastrukturunun gücləndirilməsidir. Ötən dövrdə məntəqədə 250-dək şəxsə reabilitasiya xidmətləri göstərilib.
“RehaPoint” - Reabilitasiya Məntəqəsi infrastrukturunun yeni yaradılacaq regional DOST mərkəzləri üzrə genişləndirilməsi nəzərdə tutulur.

 

Regionlar 2024-03-15 16:02:00