×
A
A
A
Sazlamalar

Xocalı şəhidlərinin qanı yerdə qalmadı

Quba, 23 fevral, Elxan Yusifli, AZƏRTAC

Həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Xocalı soyqırımı bir çox ölkənin parlamenti tərəfindən tanınmışdır. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Həmçinin Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları səviyyəsində tanınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə fevralın 23-də Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutmadıq, unutdurmarıq!” adlı konfransda bildirilib.
Konfrans iştirakçıları əvvəlcə gənclərin Xocalı faciəsinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, dosent Yusif Alıyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev, Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi, humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Arif Nəbiyev və Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Qaramanlı çıxış edərək bildiriblər ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi yazılıb. Bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün dünyaya, bəşəriyyətə, insanlığa qarşı yönəlib.
Natiqlər qeyd ediblər ki, Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Tədbirin bədii hissəsində ADPU-nun Quba filialında təhsil alan tələbələrin hazırladığı Xocalı sakinlərinin üzləşdiyi qəddarlığı özündə əks etdirən tamaşa nümayiş olunub, şeir və vətənpərvər musiqilər səsləndirilib.

Regionlar 2024-02-23 15:49:00