×
A
A
A
Sazlamalar

Naxçıvanda Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş sərgi açılıb

Naxçıvan, 20 fevral, AZƏRTAC

Naxçıvan Rəssamlar Birliyində Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş sərgi açılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, açılış mərasimində əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətənimizin suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, daim işğalçılıq arzuları ilə yaşayan ermənilər XX əsrin sonlarında Xocalı soyqırımını törədiblər. Məkrli düşmən əliyalın, dinc insanlara qarşı xüsusi amansızlıqla dəhşətli cinayətlər törədiblər. Çox təəssüf ki, dünya ictimaiyyəti xalqımıza qarşı törədilmiş bu cinayətə ədalətsiz yanaşaraq susub.
Qeyd olunub ki, Xocalı soyqırımı qurbanlarının qisası artıq alınıb. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmən tapdağından azad edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabr ayının 15-də tarixi torpağımızda Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağını ucaldıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Allahverdiyeva, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri İlhamə Nəzərova, Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökumə Məmmədli və Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova çıxış edərək, Xocalı soyqırımı qurbanlarının qisasının Vətən müharibəsində qazandığımız Zəfərlə alındığını bildiriblər.
Qeyd edək ki, sərgidə 15 rəssamın boyakarlıq üslubunda çəkdiyi 31 əsəri nümayiş olunur.

 

Regionlar 2024-02-20 18:51:00