×
A
A
A
Sazlamalar

Ekspert: Yaşıl iqtisadiyyatın fəlsəfəsi ekologiyaya zərər vurmadan formalaşmış iqtisadiyyatdır

Bakı, 23 avqust, Ramiz Quliyev, AZƏRTAC

Azərbaycan yaşıl iqtisadiyyatın töhfələrini sosial həyatında, eləcə də bütün sferalarda görmək üçün geniş imkanlara malikdir.
Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, yaşıl iqtisadiyyat alternativ enerji mənbələri hesabına qidalanan, alternativ enerji mənbələri hesabına inkişaf edən bir struktura sahibdir. Amma yaşıl iqtisadiyyat təkcə alternativ enerji mənbələri demək deyil. Dairəvi iqtisadiyyatın elementləri də yaşıl iqtisadiyyatın tərkibinə daxil edilə bilər. Yəni bir müəssisənin tullantısı digər müəssisə üçün xammaldır və həmin müəssisənin də tullantısı başqa bir müəssisə üçün xammaldır. Bu isə nəticə etibarilə tullantısız iqtisadiyyat-yaşıl iqtisadiyyat deməkdir: “Yəni yaşıl iqtisadiyyatın fəlsəfəsi ekologiyaya zərər vurmamaqdır. Bu baxımdan, Azərbaycanın alternativ enerji mənbələri kifayət qədər yüksəkdir. Respublikanın 200 meqavata yaxın alternativ enerji resurslarına sahib olması yaşıl iqtisadiyyatın çiçəklənməsi üçün münbit şərait yaradır”.
Ekspert bildirib ki, Bakıda bina tikintisində bəzi hallar istisna olmaqla alternativ enerji mənbələrindən istifadə olunur. Həmçinin Bakı şəhərinin ekoloji vəziyyətinə toxunan E.Əmirovun fikrincə, bu cəhətdən paytaxtda vəziyyət qənaətbəxş deyil. Belə ki, şəhərin ümumi ərazisi 214 min hektar təşkil etdiyi halda, yaşıllıq sahələrinin həcmi cəmi 920 hektardır. Yəni şəhərin 1 faizi belə yaşıllıq ərazisi deyil. Məsələn, bu rəqəm İstanbulda 2,2 faiz, Tokioda 7,5 faiz, Berlində 14,4 faiz, Londonda 33 faiz və s. təşkil edir. Odur ki, Bakıda alternativ enerjiyə söykənən bütün istiqamətlər üzrə fəaliyyətin genişləndirilməsinə ehtiyac var.

Tikinti̇ 2023-08-23 12:15:00