×
A
A
A
Sazlamalar

Memar: İşğaldan azad edilmiş ərazilər yeni məskunlaşma modelinin inkişafı üçün geniş imkanlara malikdir

Bakı, 18 avqust, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərdə yeni bərpa layihələri yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri kimi mühüm prinsiplər üzərində qurulacaq. Bu isə məskunlaşmanın özünəməxsus yeni modelini təşkil edəcək.
Bu barədə AZƏRTAC-a açıqlamasında “ARCHİTECTURE and Mep” şirkətinin təsisçisi, memar Fərid Bayramov deyib.
İşğaldan azad edilmiş ərazilərdə yeni iş yerlərinin açılması ilə əhalinin məşğulluqla təmin ediləcəyini bildirən memar sosial obyektlərin inşasının həmin ərazilərdə müxtəlif xidmətlərin həyata keçirilməsinə münbit şərait yaradacağını qeyd edib.
F.Bayramov bildirib ki, məskunlaşmanın yeni modeli olan “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin həyata keçirilməsi bu regionların sosial -iqtisadi inkişafını artırmaqla yanaşı, ölkənin müdafiə və iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün böyük imkanlar yaradacaq: “Azad edilmiş ərazilərdə yeni məskunlaşma modelinin inkişafı üçün geniş imkanları mövcuddur. Kəlbəcər rayonu ərazisində də su elektrik stansiyalarının tikilməsi üçün çox əlverişli şərait var. Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymaqla faktiki olaraq yeni dəmir yolu infrastrukturunun yaradılması, bir neçə aqrar sənaye parklarının planlaşdırılması kənd təsərrüfatının sənayeləşdirilməsinə də geniş imkanlar açır. Şərqi Zəngəzurda azad iqtisadi zonanın yaradılması bir çox ölkələrin marağındadır və nəticə etibarilə ərazidə iqtisadi artım məsələsini həll edəcək”.
F.Bayramov, həmçinin əlavə edib ki, 2026-cı ilin sonunadək Qarabağ iqtisadi rayonu üzrə Ağdam və Füzuli şəhərlərində 8 yaşayış məhəlləsinin, Hadrut və Suqovuşan qəsəbələrinin və 32 kəndin tikilməsi nəzərdə tutulur. Böyük Qayıdışın təmin edilməsi üçün ilk mərhələdə baza və sosial infrastrukturun qurulması prioritet məsələdir və bu istiqamətdə işlər sürətlə davam edir. Eyni zamanda, ərazilərin elektrik təchizatı da dövlətin diqqət mərkəzindədir. Belə ki, gücü 7,8 MVt olan 2 ədəd kiçik su elektrik stansiyası artıq bərpa olunub. Su ehtiyaclarının ödənilməsi ilə bağlı ərazidə 5 su anbarı və onlara bitişik 2 magistral su kanallarının təmir prosesləri də tam sürətlə davam etdirilir.

Tikinti̇ 2023-08-18 12:53:00