Memar: Azərbaycanın dövlət siyasətində yol infrastrukturunun inkişafı mühüm prioritetlər sırasındadır
Bakı, 12 avqust, AZƏRTAC
Ölkəmizdə infrastruktur layihələri sırasında yol tikintisi önəmli yerlərdən birini tutur. Çünki yolların müasirləşməsi ilə ölkədə iqtisadi həyat daha da canlanır, kənd təsərrüfatı, turizm və digər sahələrin inkişafı sürətlənir.
Bu barədə AZƏRTAC-a açıqlamasında memar Fəzail Bayramov deyib.
O bildirib ki, Azərbaycanın dövlət siyasətində yol infrastrukturunun inkişafı mühüm prioritetlər sırasındadır. Regionlarda yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər sürətlə davam etdirilir. Regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramları çərçivəsində bu gün Azərbaycanda ən müasir yol-nəqliyyat infrastrukturu qurulur və irimiqyaslı layihələr icra olunur. Ölkəmizin bütün regionlarını, kənd və qəsəbələrini birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin, daxili yollarının təmirinə və yenidən qurulmasına dövlət qayğısı nəticəsində yol infrastrukturu təzələnir və müasirləşir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, ötən müddət ərzində beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq müasir səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub. Bu istiqamətdə işlər hazırda da davam etdirilir.
“Əsas diqqət işğaldan azad edilmiş ərazilərin bərpasına və yenidən qurulmasına yönəlib və bu sahədə yeni texnologiyalardan da istifadə olunur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrində ümumi uzunluğu 66 kilometrə yaxın 39 avtomobil tunelinin inşası həyata keçirilir. Digər bölgələrdə də bir çox infrastruktur layihələrinin icrası istiqamətində işlər görülüb və ya artıq yekunlaşıb. Bu yolların açılışında dövlətimizin başçısının iştirakı onların önəmli olduğuna bir daha diqqət çəkir. Cari ilin aprel ayında Hacıqabul-Muğan avtomobil yolunun yenidən qurulması 32 min əhalisi olan 2 yaşayış məntəqəsi arasında əlaqəni gücləndirməyə xidmət edir. Yolun yenidən qurulması əhalinin həm Bakı-Ələt-Qazax Gürcüstanla dövlət sərhədi yoluna, həm də Hacıqabul-Şirvan yolu vasitəsilə digər şəhər və rayonlara rahat çıxışı təmin olunur. Respublika əhəmiyyətli belə layihələrin icrası davam edir”, - deyə memar diqqətə çatdırıb.
Ekspert: Yaşıl iqtisadiyyatın fəlsəfəsi ekologiyaya zərər vurmadan formalaşmış iqtisadiyyatdır
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb