×
A
A
A
Sazlamalar

Nərimanov rayonunda Firdovsi Məmmədov küçəsi təmir olunub

Bakı, 2 avqust, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin Nərimanov rayonu ərazisində Firdovsi Məmmədov küçəsində aparılan təmir işləri yekunlaşıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 401 metr təşkil edən küçənin eni 9 metrdir.
Asfalt-beton örtükdə əmələ gələn qabarma və çatlar küçə boyu hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Bundan başqa, mövcud piyada səkilərinin dağılmış vəziyyətdə olması vətəndaşların yolun kənarı ilə rahat şəkildə hərəkətinə maneə yaradırdı. Aparılmış təmir işləri ilə sözügedən problemlər tam olaraq aradan qaldırılıb.
Təmir çərçivəsində küçəyə 921 poqonometr bordür düzülüb, 666 kvadratmetr sahədə piyada səkiləri bərpa olunub, frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub. Aparılan təmir işləri 3930 kvadratmetrədək sahəni əhatə edib.
Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa edilib, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəzlənib.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, son mərhələdə küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunaraq müasir görkəmdə istifadəyə verilib.

 

 

Tikinti̇ 2023-08-02 14:59:00