×
A
A
A
Sazlamalar

MİDA tərəfindən satışa çıxarılan 1189 mənzilin seçimində 10 mindən artıq vətəndaş iştirak edib

Bakı, 29 iyul, AZƏRTAC

Güzəşti mənzil seçimindən narazı qalan vətəndaşların olması mümkündür.
Bu sözləri jurnalistlərə müsahibəsində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri Fərman Qurbanlı deyib.
Onun sözlərinə görə, MİDA tərəfindən 1189 mənzil satışa çıxarılıb və 10 mindən artıq vətəndaş satışda iştirak edib. Bu da təqribən 8 mindən artıq vətəndaşın narazı qalması deməkdir. Vətəndaşlar bununla bağlı müraciət etdikdə, onlara hansı saniyədə hansı mərhələdə olduqları və nəyə görə mənzil seçə bilmədikləri barədə məlumat verilə bilər: “Avqustun 3-də saat 11-də mənzillərin gözləmə qaydasında seçimi başlayır. Yəni, bu gün seçilən mənzillər avqustun 3-də gözləmə qaydasında növbəli olaraq 2 vətəndaş tərəfindən seçilə bilər. Bu gün mənzil seçən şəxslər hər hansı bir səbəbdən mənzil əldə edə bilməsələr, onu gözləmə qaydasında seçmiş birinci şəxsə, o da əldə edə bilməsə, gözləmə qaydasında seçmiş ikinci şəxsə təklif olunacaq. Vətəndaşlara tövsiyə edərdik ki, əgər bu gün mənzil seçə bilməsələr gözləmə qaydasında mənzil seçsinlər ki, hər hansı səbəbdən əldə edə bilmədikləri mənzillərə sahib ola bilsinlər”, - deyə F.Qurbanlı vurğulayıb.

Tikinti̇ 2023-07-29 13:01:00