Horadiz–Zəngilan avtomobil yolu əsaslı şəkildə təmir olunur
Bakı, 28 iyul, AZƏRTAC
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində mövcud Horadiz-Zəngilan avtomobil yolunun əsaslı təmiri işlərinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən yenidənqurma işlərinə start verilib.
AAYDA-dan AZƏRTAC-a bildirilib ki, təmir-tikinti işləri M-6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (173+600 km - 235+000 km) 61.4 kilometrlik Horadiz-Zəngilan hissəsində həyata keçirilir.
Üçüncü texniki dərəcəyə uyğun olaraq əsaslı şəkildə yenidən qurulan yolun torpaq yatağının eni 12 metr təşkil edir.
Layihə üzrə əsaslı təmir işləri 173.6-189, 189-205, 205-220 və 220-235-ci kilometrlər daxil olmaqla 4 hissədə aparılır.
Hazırda yolboyu mövcud asfalt-beton örtüyün kənarlaşdırılması, qazma, tökmə işləri, yol yatağının və yol əsasının tikintisi, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların inşası, körpülərin təmiri, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri aparılır.
“İnşaat Norma və Qaydaları”na uyğun AAYDA-nın nəzarəti altında həyata keçirilən layihənin icrası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır.
Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.
Horadiz-Zəngilan avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.
Ekspert: Yaşıl iqtisadiyyatın fəlsəfəsi ekologiyaya zərər vurmadan formalaşmış iqtisadiyyatdır
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb