Tarixi şəhərlərdə ən əsas tələblərdən biri qədim tikinti ənənələri və formasının qorunmasıdır
Bakı, 24 iyul, AZƏRTAC
Tarixi şəhərlərdə yenilənmə prosesində ən əsas tələblərdən biri qədim tikinti ənənələri və formasının qorunmasıdır. Burada əsas məqsəd tikinti üsulunun hazırda mövcud memarlıq abidələri ilə vəhdət təşkil etməsidir.
Bu barədə AZƏRTAC-a tanınmış memar Fəzail Bayramov bildirib.
Onun sözlərinə görə, tarixi şəhərlərin layihələndirilməsində ümumi və lokal xüsusiyyətlərin təyin olunması şəhərin müxtəlif elementlərinin dəyəri və onları formalaşdıran amilləri görmək mümkündür. Şuşa şəhəri Azərbaycan memarlıq istiqamətinin ən gözəl örnəklərindəndir. Bu tarixi şəhərin memarlıq simasının yenidən qurulması, tarixi-mədəni irsinin qorunub saxlanılması mühüm əhəmiyyət kəsb edir.
Memar qeyd edib ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində 300 tarixi abidə 350 hektarlıq qoruq ərazisində yerləşirdi. Burada mövcud tarixi abidələrin 23-ü respublika və dünya miqyasında olub. Həmin abidələrin çoxu XVIII-XIX əsrdə tikilib. Tarixi şəhərlərdə yenilənmə prosesində ən əsas tələblərdən biri qədim tikinti ənənələri və formasının qorunmasıdır: “Burada əsas məqsəd tikinti üsulunun hazırda mövcud memarlıq abidələri ilə vəhdət təşkil etməsidir. Ötən əsrin sonlarında tarixi şəhərlərdə bərpa işlərinin təşkilində sadəcə memarlıq abidəsi və yaxın ətrafı təhlil olunurdu. Artıq illərdir ki, bu prosesdə ümumi şəhər mühiti və şəhərsalma həlli nəzərə alınır. Çünki həmin tarixi-memarlıq abidələri həm tikinti üslubu, həm də şəhər mühitini təşkil edir”.
Hazırda işğaldan azad olunan ərazilərdə böyük bərpa və quruculuq işlərinin aparıldığını deyən F.Bayramov vurğulayıb ki, əsas məqsəd bölgənin inkişafına nail olmaq, ən yaxın gələcəkdə qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri dönməsini təmin etməkdir. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə ilk bərpa və quruculuq işlərinin məhz Şuşada həyata keçirilməsi isə Qarabağın tacı olan Şuşanın xalqımız üçün nə qədər önəmli, müqəddəs və əziz olduğunun göstəricisidir. Çünki Şuşa tarix boyu hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz bir parçasıdır.
Ekspert: Yaşıl iqtisadiyyatın fəlsəfəsi ekologiyaya zərər vurmadan formalaşmış iqtisadiyyatdır
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb