×
A
A
A
Sazlamalar

Tikinti materialları istehsalı tikinti sənayesi kompleksinin mühüm tərkib hissəsidir

Bakı, 10 iyul, AZƏRTAC

Tikinti materialları istehsalı tikinti sənayesi kompleksinin mühüm tərkib hissəsidir. Bu istehsal sahəsi ən qədim dövrlərdən bu günə qədər inkişaf edərək, dövrün texniki və texnoloji imkanlarına uyğun inkişaf yolu keçib.
Bu barədə AZƏRTAC-a açıqlamasında memar Fərid Bayramov deyib.
Memar qeyd edib ki, son illərdə dünya tikinti materialları bazarının həcmi təqribən 900 milyard ABŞ dollarına çatıb. Burada əsasən sement, kərpic, beton, qum, çınqıl və istehsalı innovativ texnologiyalara əsaslanan xüsusi tikinti məhsulları nəzərdə tutulur və bu məhsullar içərisində ən çox inkişaf edən seqment sement bazarı olub: “Azərbaycanda tikinti sənayesi milli iqtisadiyyatın mühüm və əhəmiyyətli tərkib hissələrindən biridir. Respublikada bina və tikililərdə istifadə edilən mişar daşının təqribən 80 faizi Abşeron daş karxanalarından çıxarılır. Hazırda Qaradağ sement zavodunun istehsal etdiyi tikinti materialları arasında 400 və 500 markalı bina təməli və özüllərinin tikintisində istifadə edilən sement, eyni zamanda 200 markalı üzlük sement və digər tikinti materialları üstünlük təşkil edir”.
F.Bayramov bildirib ki, Azərbaycan hökuməti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa işləri həyata keçirir, bu da tikinti materiallarının istehsal həcminin artmasına əsaslı təkan verir. Belə ki, proqnozlara görə Azərbaycan Respublikasının tikinti sektoru 2022-2025-ci illərdə 60 milyard manatadək gəlir əldə edəcək. Bu da bu illərdə orta hesabla 3 faiz ətrafında artım deməkdir. Cari ilin yanvar-iyun aylarında tikinti gipsinin istehsalı 2,3 dəfə, əhəng istehsalı 89,6 faiz, tikinti şüşəsinin istehsalı 32,4 faiz, beton istehsalı isə 19 faiz artıb. Ümumilikdə isə yaxın dörd il ərzində tikinti sektorunda illik əlavə dəyərin xüsusi çəkisinin 43,4 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

Tikinti̇ 2023-07-10 17:29:00