×
A
A
A
Sazlamalar

Şəhərsalmanın təşkili prosesində sakinlərin sayının artması nəzərə alınmalıdır - Açıqlama

Bakı, 22 iyun, AZƏRTAC

Son illər dünyanın bütün meqapolis şəhərlərində urbanizasiya prosesinin tempinin yüksəlməsi nəticəsində çoxmərtəbəli yaşayış binalarının sayı artır və bununla əlaqədar yaşıllıq sahələri azalır. Bu da öz növbəsində şəhərin vizual siluetinə və şəhərsalma həllinə təsir edir.
Bu barədə AZƏRTAC-a açıqlamasında memar Fəzail Bayramov deyib.
Onun sözlərinə görə, bu proseslər respublikanın ən iri şəhəri olan Bakıdan da yan keçməyib. Paytaxtda mövcud istifadəyə yararlı binalar son illər rekonstruksiya olunur və yeni çoxmərtəbəli binalar inşa edilir. Layihələndirilən binalar müxtəlif təyinatlı olsa da, bu sıraya daha çox yaşayış binaları daxildir.
Memar bildirib ki, şəhərsalma həllinin düzgün formalaşması üçün layihələndirilən bütün yaşayış və ictimai binalar arasında rahat keçid olmalıdır. Eyni zamanda, müxtəlif funksiyalı binalar vəhdət təşkil etməklə düzgün şəhər silueti formalaşdırılmalıdır: “Müasir dövrdə meqapolislərin inkişafı prosesində şəhərsalma həllində çoxmərtəbəli yaşayış binaları və ətraf yaşıllıq sahələrinin tandemi önəmli amil hesab oluna bilər. Bakıda əhalinin sayının çoxalması nəticəsində çoxmərtəbəli binaların tikintisinin artması son dövrlərdə aktuallaşıb. Odur ki, şəhər sakinlərinin sayının artması məsələsi də şəhərsalmanın təşkili prosesində nəzərə alınmalıdır. Bakı şəhərinin əlverişli təbii-coğrafi mühitə malik olması səbəbindən şəhər daxilində bu müsbət tendensiyaların inkişafı tempini artırmaq mümkündür. Yaşıllıq ərazilərinin çoxluq təşkil etdiyi istirahət zonaları və çoxmərtəbəli binaların tandemi şəhərin iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edir. Hazırda isə paytaxtın, ətraf ərazilərin əhalisi, şəhərə gələn turistlərin rahatlığının təmin edilməsi üçün yaşıllıqla zəngin istirahət zonalarının təşkili sahəsində məqsədyönlü tədbirlər görülür”.
F.Bayramov vurğulayıb ki, müasir dövrdə çoxmərtəbəli yaşayış binalarının layihələndirmə prosesində şəhərsalma həllinin inkişafı üçün ümumi qəbul olunmuş müddəalar nəzərə alınmalıdır.
Şəhər planlaşdırılmasının əsas məqsədlərindən biri də müxtəlif təyinatlı binaların yerləşdirilməsi probleminin kompleks həllinin tapılmasıdır.

 

Tikinti̇ 2023-06-22 15:25:00