×
A
A
A
Sazlamalar

Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin prioritet məsələsidir

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin mühüm prioritetləri sırasındadır. Respublikada yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər böyük sürətlə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, həyata keçirilən məqsədyönlü işlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə tikilərək istismara verilir. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin də göstəricisidir.
Belə ki, regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramları çərçivəsində bu gün Azərbaycanda ən müasir yol-nəqliyyat infrastrukturu qurulur və irimiqyaslı layihələr həyata keçirilir. Respublikamızın paytaxtında, eləcə də regionlarda kənd və qəsəbələri birləşdirən yolların, yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına ayrılan diqqətin nəticəsində yol şəbəkəsi genişlənir, infrastruktur təzələnir.
Bu istiqamətdə işlər hazırda da davam etdirilir. Əsas diqqət işğaldan azad edilmiş ərazilərin bərpasına və yenidən qurulmasına yönəldilsə də, digər bölgələrdə də bir çox infrastruktur layihələri həyata keçirilir. Cari ilin ötən ayları ərzində bir sıra yolların tikintisi və ya təmiri başa çatıb. Bu yolların açılışında dövlət başçısının iştirakı onların önəmli olduğuna bir daha diqqət çəkir.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planında 2022-2026-cı illər ərzində ümumi uzunluğu 2264,5 kilometr təşkil edən 20 avtomobil yolu layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.
Bu layihələrdən uzunluğu 28,5 kilometr olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu 2020-ci ildə, uzunluğu 101,5 kilometr təşkil edən “Zəfər yolu” 2021-ci ildə inşa edilib. 2022-ci ildə Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun (uzunluğu 22 kilometr, 2-3 hərəkət zolaqlı) tikintisi başa çatdırılıb.
Ümumilikdə isə ötən il ərzində 803,5 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. Buraya respublika əhəmiyyətli - 234,3 kilometr, yerli əhəmiyyətli - 398 kilometr, Bakı şəhər yolları 171,2 kilometr təşkil edir.
Tədbirlər Planına uyğun olaraq, layihələrdən 12-sinin icrasının 2023-cü, 2 layihənin 2024-cü, 3 layihənin 2025-ci və 1 layihənin isə 2026-cı ildə başa çatdırılması nəzərdə tutulub.

Tikinti̇ 2023-06-20 18:20:00