×
A
A
A
Sazlamalar

Paytaxtda tarixi binaların bərpası istiqamətində son illər çox böyük işlər görülüb - Açıqlama

Bakı, 19 iyun, AZƏRTAC
Qədim Bakı hər zaman tarixi və bir-birindən maraqlı inşaat əsərləri ilə göz oxşayıb. Bu siyahıya zamanla yeni-yeni möhtəşəm və bənzərsiz abidələr də əlavə olunur. Hazırda Bakı nəinki respublikamızın, eləcə də dünyanın ən gözəl və müasir şəhərlərindən biri sayılır.
Bu barədə AZƏRTAC-a açıqlamasında tanınmış memar Fəzail Bayramov deyib.
O bildirib ki, müstəqillik qazanandan sonra da Bakının ən görkəmli yerlərində gözəl memarlıq kompleksləri yaradılıb, şəhərin simasını daha da gözəlləşdirən müasir binalar, göydələnlər tikilib. Məsələn, "Bakı Ağ Şəhər" layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı" çərçivəsində həyata keçirilib. Layihə beynəlxalq arenada ən genişmiqyaslı şəhərsalma layihəsi kimi təqdim olunub. "Bakı Ağ Şəhər"in ofis binası, eyni zamanda, şəhərin müasir memarlığına öz töhfələrini verə biləcək bir memarlıq nümunəsidir. Təsadüfi deyil ki, "Bakı Ağ Şəhər" "Ən yaxşı şəhərsalma layihəsi" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb.
Memar qeyd edib ki, şəhərin digər möhtəşəm memarlıq abidələrindən biri də Heydər Əliyev Mərkəzidir. Mərkəzin təməli 2007-ci ildə qoyulub, rəsmi açılışı 2012-ci il mayın 10-da, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümündə olub. Dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası müasir Bakının rəmzlərindən biri hesab olunur. Kompleks müasirliyi və yeniliyi özündə təcəssüm etdirən unikal arxitektur quruluşa malikdir.
Memar bildirib ki, paytaxtımızı qonaqlara tanıtmaq üçün ən yaxşı tikililərindən biri də Alov qüllələridir: "Alov qüllələri" kompleksi Bakı şəhərində ən hündür bina hesab olunur. Tikilinin ümumi sahəsi 235 min kvadratmetrdir. Birinci qüllənin uzunluğu 182 metr, ikinci qüllənin uzunluğu 165 metr, üçüncü qüllənin uzunluğu isə 161 metr təşkil edir. Xarici görünüşü ilə bu tikinti alov dillərini xatırladır. Bundan başqa, Alov qüllələri Avropanın daşınmaz əmlak bazarında ən iri innovasiya layihəsi olan MIPIM 2013 müsabiqəsinin “Ən yaxşı otel və turizm mərkəzi” nominasiyasının qalibi elan edilib. Bu siyahıya Dövlət Bayrağı Meydanı, Milli Gimnastika Arenası, Milli Olimpiya Stadionu və digər memarlıq komplekslərini daxil etmək olar”.
F.Bayramov diqqətə çatdırıb ki, digər mühüm məsələ Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan mədəniyyətinin, incəsənətinin öyrənilməsi, tarixi mədəniyyət abidələrinin bərpası ilə bağlıdır. Bu binalar yalnız Azərbaycanın simasını deyil, həm də maddi-mənəvi dəyərlərini, adət və ənənələrini əks etdirən memarlıq nümunələridir. Bu memarlıq nümunələri artmaqla yanaşı, müstəqil respublikanın dünyada tanınmasına xidmət edir.
Memar, həmçinin bildirib ki, paytaxtın abadlaşdırılması, o cümlədən tarixi binaların bərpası istiqamətində son illər çox böyük işlər görülüb. Onların bərpasında təcrübəli mütəxəssislər çalışıblar. Demək olar ki, bu binalara yeni həyat verilib. Bu sahədə Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri böyükdür. Xüsusilə, muğam sənəti ilə bağlı arxeoloji abidələrimizin bərpa edilməsi ilə tarixi irsin qorunması, təbliği Azərbaycan mənəviyyatına təsiri baxımından dövlətimizin uğuru kimi dəyərləndirilməlidir.

Tikinti̇ 2023-06-19 16:22:00